Ötən gün xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin rəhbərliyi ilə İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıxanov qəsəbəsində yerləşən mağazalarda reydlər keçirib. Reyd keçirilən obyektlərdən biri də ərazidə yerləşən “Megastore” mağazası olub ki, ticarət obyektinin rəhbərliyi onlara tutulan qanunsuz iradlardan narazı olduqlarını bildirir.
Unikal.org xəbər verir ki, bu məsələ ötən gün Oxu.Az tərəfindən geniş şəkildə işıqlandırılıb.
Bu gün isə məsələnin daha dərindən araşdırılması və yekun olaraq hansı tərəfin haqlı, hansı tərəfin haqsız olduğunun müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə aşağıdakı qurumlara sorğu ünvanladıq:
Prezident Administrasiyasına;
Nazirlər Kabinetinə;
Daxili İşlər Nazirliyinə;
Baş Prokurorluğa;
Ədliyyə Nazirliyinə;
Bakı Şəhər İcra Hakimiyyətinə.
Məsələ ilə bağlı sorğumuza verilən cavablar barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
Xatırladaq ki, mağaza rəhbərliyinin sözlərinə görə, reyd zamanı Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri mağaza daxilində oyuncaq və tekstil şöbələrinin fəaliyyətinin qadağan olduğunu deyərək, həmin şöbələrin işinin dayandırılmasını tələb edib. Əks təqdirdə, mağaza rəhbərliyinə karantin rejimi çərçivəsində tətbiq edilən qaydaları pozduğuna görə cərimə tətbiq ediləcəyi bildirilib.
Təəssüf ki, Sabunçu Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı dolğun cavab ala bilmədik. İcra Hakimiyyətinin müxtəlif şöbələrinin nümayəndələri mövzudan xəbərsiz olduqlarını deməklə kifayətləndilər.