"Son günlər növbəti tədris ilindən erkən nikahlar, eləcə də qohum nikahlarla bağlı dərsliklərə maarifləndirici material daxil edilməsi məsələsi gündəmdədir. Lakin bu mövzu təkcə məktəblilərlə kifayətlənilməməlidir".
Unikal.org-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu istiqamətdə uşaqlarla yanaşı, valideynlər arasında da maarifləndirmə işlərinin aparılmasını vacib hesab edir.
“Həmin lahiyə Komitəmiz tərəfindən dəstəklənir. Məcburi evlillik məsələsində maariflənməli olan təckə uşaqlar deyil, həm də valideynlərdir. 2006-cı ildən bizim Komitə bu sahədə işlər aparır. Hətta valideynlərdən əlavə qardaş, nənə-baba, qohum-qonşu basqısı ilə də məcburi evliliklər baş verir. Bunun həm fiziki, həm də psixoloji mənfi təsirləri olur. Yalnız qızlar deyil, erkən evliliyə məcbur edilən oğlanlar da az deyil. Bu məsələ isə Cinayət məcəlləsinin 176.1-ci maddəsində öz əksini tapır. Elə bir ölkə yoxdur ki, uşaq evliliklərinə rast gəlinməsin. Lakin 2012-ci illə müqayisədə 2018-ci ildə ölkəmizdə uşaq evliliklərinin sayında 10 dəfə azalma var. Komitəmizə erkən nikahlarla bağlı zənglər gəlir, biz həmin problemləri həll edirik. Amma bəzən də olur ki, təhsilini bitirib rayona qayıtmaq istəməyənlər erkən nikah bəhanəsi ilə bizə müraciət edirlər. Bu işdə biz hüquq mühafizə orqanları, psixoloq və sosial işçilərlə birgə işləyirik. İrəliləyən zamanda daha da müsbət nəticə əldə edəcəyimizə ümid edirik”.
Dürrə Həsənova