“Bildiyimiz kimi bütün dünya azərbaycanlıları bugünlərdə öz tarixi və şərəfli günlərini yaşayır. Çünki 10 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu".
Unikal.org xəbər veriri ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib:
“Bu, tarixi qələbəmizdir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Artıq Azərbaycanın bütün yaşayış məntəqələrində Azərbaycan qanunları işləyəcək, Azərbaycanın üçrəngli bayrağı dalğalanacaqdır. Bu, tarixi bir qələbədir və bunu bizə bəxş edən ölkə prezidenti, ali baş komandanımız cənab İlham Əliyevdir. Onun həm döyüş meydanı, həm diplomatiya, həm də informasiya meydanında qələbə qazanması uğurumuzdur. Əlbəttə ki, döyüş meydanında qələbə Azərbaycan ordusunun müzəffər, qorxmaz, igid, qeyrətli oğullarının düşmənə vurduğu zərbələr nəticəsində əldə olunmuşdur".
Millət vəkili bu böyük qələbəyə görə bütün xalqın bayram etdiyini vurğulayıb: “Dost ölkələr, dost xalqlar bayram edir. Çox təəssüf ki, məhz bu gözəl günlərimizdə, bu zəfər günlərində, son 500 ilin Azərbaycan tarixində işğal altında olan torpaqlarımızı azad etməyə nail olduğumuz günlərdə, bir sözlə, qələbəmizi qeyd etdiyimiz günlərdə daxildə olan bəzi antimilli ünsürlər bu qələbəmizə kölgə salmağa çalışırlar və müxtəlif vasitələrlə imzalanmış bəyanata kölgə salmaq istəyirlər. Çalışırlar çaşqınlıq yaratsın, insanların ürək dolu qələbə sevincinə xələl gətirsinlər. Bu təəssüfedici haldır və bir daha bu adamlar, bu antimilli ünsürlər onu nümayiş etdirir və təsdiq edirlər ki, onlar doğrudan da ermənipərəst qüvvələrə, Ermənistana xidmət edirlər. Ona görə deyirəm ki, AXCP və Milli Şura rəhbərliyi ermənidən betərdi. Azərbaycanın heç bir uğurunu, hətta bütöv Azərbaycan xalqının, dünya azərbaycanlılarının bir nömrəli, ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərin zəfər günlərini yaşamağa, qələbəmizə kölgə salırlar. Müxtəlif variantlardan istifadə edərək, müxtəlif sözlərlə, çaşdırıcı nitqlərlə çalışırlar ki, məhz bu qələbə günümüzə kölgə sala bilsinlər.”
Cavid Osmanov bildirib ki, bu çox təəssüfedici haldır:
“Mən bir daha bu məsələni xüsusi vurğulamaq istəyirəm ki, bu antimilli ünsürlər, bütün ləyaqət və vicdanını itirmiş antimilli qüvvələr istənilən halda - hətta biz daha irəli gedib Zəngəzuru və digər ərazilərimizi belə işğaldan azad etsəydik belə, yenə də öz qərəzli mövqelərindən çıxış edəcəkdilər. Çünki onlar diktə altındadır. Onların boğazındakı iplər, kəndirlər kimlərinsə əlindədir. Əlbəttə, onu dartan kimi bunlar çalışırlar ki, xalqımıza hücum çəksinlər. Azərbaycan xalqı artıq gördü ki, düz istiqamət götürüb, düz yol seçib. Xalqımız cənab prezidentimizin ətrafında birləşib. Bu birlik bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı nə qədər bir olsa, nə qədər vəhdət təşkil etsə, biz dağı dağ üstə qoya bilərik. Biz istənilən problemi çözməyə qadir olan bir xalq, millətik. Ona görə də bu antimilli ünsürləri Azərbaycan xalqı lənətləyir və çox təəssüf ki, belə antimilli ünsürlər bizim xalqımızın içində qərarlaşıb. Xalqımzın birliyinə, uğurlarına, qələbəmizə qarşı məhz belə qərəzli mövqedən çıxış edirlər".
Murad İbrahimli