Bu ilin dekabr ayında “Biz birlikdə güclüyük!” şüarı altında Azərbaycan Gənclərinin IX Forumunun keçirilməsi nəzərdə tutulub.
GIN-dən Unikal.org-a verilən xəbərə görə, Gənclərin geniş iştirakını təmin etmək məqsədi ilə Forum ənənəvi olaraq 2 mərhələdə keçirilir: 2-18 dekabr tarixlərində zona toplantıları, 24 dekabr tarixdə isə Respublika final toplantısı.
2 dekabr tarixdə Şəki-Zaqatala zonası üzrə Balakən rayonunda keçirilmiş zona toplantısında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Millət Vəkili Vüqar İsgəndərov iştirak ediblər.
250 nəfərdən artıq gəncin iştirakı ilə keçirilmiş zona toplantısında Azərbaycanın yeni tarixinin yaradıcısı, Gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ, “Böyük Qayıdış”da gənclərin vəzifələri və Gənclərin sağlamlığı – xalqın sağlamlığıdır mövzularında çıxışlar dinlənilib. Rəsmi qonaqların çıxışlarından sonra toplantı iştirakçılarının sualları cavablandırıldı, ətraflı fikir mübadiləsi aparıldı.
Zona toplantısı Şəki-Zaqatala zonası üzrə Forumun yekun mərhələsində iştirak edəcək nümayəndələrin şeçilməsi və Qətnamənin qəbulu ilə başa çatdı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə keçirilir.