Qətərdə keçiriləcək DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Unikal.org xəbər verir ki, final mərhələsində vəsiqələr uğrunda mübarizəyə başlayacaq 55 komanda 10 qrupa bölünüb.
Bu qrupların beşində 5, beşində 6 komanda yer alıb. 2021-ci ildə baş tutacaq seçmə mərhələdə qrup qalibi olan 10 komanda mundiala vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda isə Millətlər Liqasından gələcək 2 yığma ilə pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq.
Püşkatmaya 5-ci səbətdə qatılan Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri müəyyənləşib. Yığmamız A qrupunda yer alıb.
İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu millinin qrupunda 5 komanda mübarizə aparacaq. Yığmamız Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq ilə üz-üzə gələcək.
Qardaş Türkiyə G qrupunda Niderland, Norveç, Monteneqro ilə qarşılaşacaq.
Qeyd edək ki, artıq seçmə mərhələnin oyun günləri də bəllidir. Komandalar martın 24-25-də, 27-28-də, 30-31-də, sentyabrın 1-2-də, 4-5-də, 7-8-də, oktyabrın 8-9-da, 11-12-də, noyabrın 11-13-də və 14-16-da meydana çıxacaq. Pley-off mərhələsi 2022-ci il martın 24-25-də və 28-29-da təşkil olunacaq.