Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

Unikal.org xəbər verir ki, mövsümün ikinci hissəsi XIV turun matçları ilə başlayıb.

İlk oyun gününün bütün qarşılaşmaları Bakıda keçirilib. Çempionatın liderləri turu qələbə ilə başa vurub.

2021-ci ilin ilk qoluna Əfran İsmayılov imza atıb. “Səbail”in futbolçusu “Neftçi” ilə qarşılaşmada hesabı açsa da, “ağ-qaralar” üç qol vuraraq 3 xalı bayram edib. Samir Abasovun yetirmələri bu qələbə ilə zirvədəki yerini qoruyub.

“Qəbələ”ni qəbul edən “Zirə” də günü 3 xalla tamamlayıb. Rəşad Sadıqovun yetirmələri hər hissədə bir qol vurmaqla istəyinə çatıblar.

Son çempion “Qarabağ” autsayder “Sabah”ın qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıb. Fasilədən sonra meydan sahibləri bərabərlik qoluna imza atsa da, Mahir Emreli komandasının xal itkisindən xilas edib. O, vurduğu qolla bombardirlər yarışında da zirvəyə şərik çıxıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.