Türkiyənin Hatay bölgəsindəki “Rönesans Residence”in sahibi Mehmet Yaşar Çoşkun xaricə qaçmaq istəyərkən İstanbul hava limanında saxlanılıb.
"Unikal" xəbər verir ki, Hatayın Antakya rayonunda 2013-cü ildə tamamlandığı deyilən 12 mərtəbəli və 250 mənzilli "Renaissance Residence" zəlzələ nəticəsində tamamilə dağılıb. Dağıntılar altında çoxlu adamın olduğu deyilir. Qrupların axtarış-xilasetmə işləri davam edir.
Dağıntıları havadan pilotsuz təyyarə ilə görüntülənərkən, zəlzələ zamanı tikilinin hovuzun yerləşdiyi əraziyə doğru aşdığı və küçədəki digər binaya ziyan vurduğu görülüb.
Qeyd edək ki, şirkət binanın satışı üçün “cənnətdən bir kvadrat” sözləri ilə PR aparıb. Qısa zamanda şirkət istədiyinə nail olub. İllər sonra baş verən güclü zəlzələ həmin yaşayış binasını yerlə-yeksan edib. Həmin görüntülər sosial mediada qınaq obyektinə çevrilib.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində dağılan binalarla bağlı istintaq başladılıb.