Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İngiltərənin Vestminister Universiteti arasında “Memarlıq abidələrinin bərpası və mühafizəsi magistr proqramı” üzrə bağlanılmış ikili diplom proqramına əsasən tədrisə xarici ekspertlərin cəlb olunması prosesi davam edir.

"Unikal" xəbər verir ki, proses çərçivəsində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Avstriyanın “Atelier Erich Pumer” şirkətinin təsisçisi və rəhbəri Erix Pumerlə görüşüb. Görüşdə  İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə də iştirak edib. 

Rektor bildirib ki, Vestminister Universiteti ilə ikili diplom müqaviləsi və bu müqavilə çərçivəsində tətbiq olunacaq qabaqcıl təcrübələr AzMİU üçün xüsusi əhəmiyyətə malikdir. AzMİU-nun ölkəmizdə memarlıq ali təhsili üzrə baza ali təhsil müəssisəsi olduğunu vurğulayan professor Gülçöhrə Məmmədova qeyd edib ki, böyük uğurlar əldə edilsə də, dünya təcrübəsinin öyrənilməsi, qabaqcıl mütəxəssislərin tədrisə cəlb edilməsi prioritet istiqamətlərdəndir. Qabaqcıl xarici mütəxəssislərin tədrisə cəlb olunmasının ümumilikdə ölkəmizin abidələrin bərpası üzrə kadr potensialının gücləndirilməsinə töhfə verəcəyini deyən rektor əlavə edib ki, bu mənada AzMİU-da Erix Pumerlə əməkdaşlığa böyük inam mövcuddur. 

Dəvətə görə minnətdarlığını bildirən Erix Pumer Bakının memarlıq baxımından çox gözəl şəhər olduğunu və bu işdə AzMİU məzunlarının əməyinə diqqət çəkib. O, qeyd edib ki, əməkdaşlıq çərçivəsində “Atelier Erich Pumer” şirkətinin və şəxsən özünün peşəkar təcrübələrini tələbələrlə bölüşməyə hazırdır. 

“İçərişəhər”in dağılmış qala divarlarının restavrasiyasının “Atelier Erich Pumer” şirkətini tərəfindən həyata keçirildiyini qeyd edən Şahin Seyidzadə Erix Pumerlə əməkdaşlığın kadr hazırlığı işində böyük uğurla yola açacağına inamını ifadə edib. 

Görüşdə memarlıq abidələrinin bərpası və mühafizəsi üzrə kadr potensialının gücləndirilməsi, elmi-texnoloji yeniliklər və qabaqcıl dünya təcrübəsi ilə bağlı müzakirələr də aparılıb. Müzakirələr zamanı yaxın günlərdə AzMİU, “Atelier Erich Pumer” şirkətini və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığını nəzərdə tutan üç tərəfli əməkdaşlıq memorandumunun imzalanması qərara alınıb. 

Memorandum çərçivəsində “Atelier Erich Pumer” şirkətini və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bərpa layihələrində AzMİU tələbələrinin iştirakı və praktik biliklər əldə etməsi mümkün olacaq. 

Qeyd edək ki, dünyaca məşhur restavrasiyaçı Erix Pumer “İçərişəhər”in dağılmış qala divarları ilə yanaşı, ölkəmiz üçün bir sıra mühim bərpa layihəsində, o cümlədən Şuşanın Qala divarlarının və Gəncə qapısının bərpası layihəsində də məsləhətçi qismində iştirak edib.