Yasamal Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik ili çərçivəsində” 8 Mart -Beynəlxalq Qadınlar Gününə həsr olunan rayon toplantısı keçirilib.

"Unikal" xəbər verir ki, toplantıdan  öncə Dövlət Himni səsləndirilib, sonra isə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib.

Yasamal rayonunda fəaliyyəy göstərən təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan qadınlar, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının qadın əməkdaşları, eləcə də qəhrəman şəhidlərimizin anaları, həyat yoldaşları və qız övladlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar. Təravət Muradova vurğuladı ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir.

Tədbirdə çıxış edən qadınlar Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanmasında və yaşadılmasında müstəsna xidmətlər göstərdiyini vurğulamışlar.

İclasda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov xanımları təbrik edərək onlara cansağlığı, səadət və işlərində uğurlar arzuladı.

RİH başçısı bildirdi ki, əsrlər boyu biz Ana Vətən demişik, çünki bizdə Vətən hər zaman ana ilə təcəssüm olunub. Biz həmçinin Ana dili deyirik, çünki bu dili qoruyub inkişaf etdirən və nəsildən nəsilə ötürən xanımlar olub. Torpaqlarımızı düşməndən qoruyan oğulları da xanımlar dünyaya gətirir. İcra başçısı torpaqlarımızın işğaldan azad edilməsi zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsinin ehtiramla yad etdiyini, şəhid analarına və xanımlarına, layiqli oğullar böyüdən əsgər analarına xoş arzularını çatdırdı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, bu gün Azərbaycan qadını ən xoş sözlərə layiqdir! Çünki onlar həm evdə, həm işdə hər bir işi mükəmməl görərək daha üstün nəticələr əldə edirlər. Müasir dövrdə xanımlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar. Bu mənada Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva hər bir Azərbaycan qadını üçün bir nümunədir. O, həm  ana, həm də cənab Prezidentin ömür-gün yoldaşı kimi hər xanım üçün gözəl bir örnəkdir.

Sonda tədbirdə iştirak edən bütün qadınlara hədiyyələr və gül dəstələri təqdim olundu, xatirə şəkli çəkildi.