Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya təşkil edib.
"Unikal" xəbər verir ki, aksiyada YAP Nizami rayon təşkilatının rəhbərliyi, əməkdaşları, fəalları və könüllüləri iştirak ediblər.
Onlar rayonun şəhid ailələrini ziyarət ediblər, şəhidlərimizin analarını, həyat yoldaşlarını bayram münasibətilə təbrik və hədiyyələrini təqdim ediblər.
Ziyarət zamanı dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. 2023-cü ildə isə suverenliyimizin tamamilə bərpası xalqımızın yaddaşında əbədi olaraq qalacaq.
Bildirilib ki, şəhid anaları doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə yerinə yetiriblər.
Şəhid ailələrinin üzvləri də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.