Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib.
Bu barədə unikal.org-a qurumun sektor müdiri Mais Ağayev məlumat verib.
Məlumata görə, görüşdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanundan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, bu qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən, müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib.
Qanunun tələbinin qısa vaxtda icra edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib. Bununla əlaqədar istehsalat bazalarında sürücülərlə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb. Daşıyıcıların diqqətinə çatdırılıb ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müvafiq qanunlarla müəyyən edilən tələblərə əməl etməyən daşıyıcılarla bağlı ciddi tədbirlər görüləcək.