Rusiyalı Sergey Karyakin və azərbaycanlı Şəhriyar Məmmədyarovun adı danışımış oyunlarda hallanır. Bunu şahmat üzrə dünya çempionu Maqnus Karlsen iddia edib. 

Unikal.org-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, o bildirib ki,  hər iki şahmatçı arasında Norveçin Stavanqer şəhərində keçirilən qarşılaşma danışılmış xarakter daşıya bilər: 

"Mən bilirəm ki, Məmmədyarov və Karyakin əvvəlki turnirlərdə danışılmış oyunlarda iştirak edib. Onlar bu dəfə də razılaşıblarsa, mən heç təəccüblənmərəm. Amma mənim buna sübutum yoxdu. Ola bilsin ki, qarşılaşma zamanı baş verənləri diqqətlə izləmək lazımdır.

Xoşbəxtlikdən dünya çempionatında bunu etmək mümkün olmayıb, mən heç vaxt belə etməmişəm, amma bunu edənlərə mane olmaq da çətindir. 

Karyakin Karlsenin ittihamlarını rədd edib: 

"Əlbəttə, biz razılaşmamışıq. Biz dostuq, amma bu yarışda hamı qələbə qazanmağa çalışır. Heç-heçə bizim heç birimizə sərf etmirdi.

Hərdən mənə də elə gəlir ki, bəzi oyunlar danışılmış olur.

Norveç mətbuatına açıqlama verən Şəhriyar isə bunları deyib:

"Bəzən elə hallar olur ki, oyunlar əvvəlcədən razılaşdırılır. Ancaq bu, hər turnirdə olmur. Sadəcə, bəzən özünü yaxşı hiss etməyəndə, ya xəstə olanda, üstəlik, rəqibin də ağ fiqurlarla oynayırsa, belə hal yaşanır. Amma təbii ki, həm idman, həm də tamaşaçılar baxımından rəqabətin olması daha yaxşıdı. Şahmat oynamağa çalışmaq, nəticə göstərmək ən yaxşısıdı. Qaydalar da partiyaların əvvəlcədən razılaşdırılmasını aşkar şəkildə qadağan edir.

Qeyd edək ki, Karyakin və Məmmədyarov mayın 30-da baş tutan görüşdə heç-heçə ediblər.