ABŞ-ın yolu haradır?
11:47 15-11-2012
İQTİSADİYYAT
ABŞ-ın yolu haradır?
Dünyanın ən güclü ölkəsinin özündə də bu sualla bağlı ciddi narahatlıqlar var
Amerikalıların İkinci Dünya Müharibəsindəki döyüşlərdə iştirak etmiş yaşlı, 1950-ci illərdə böyüməkdə olan orta nəsli üçün "soyuq müharibə" böyük mənəvi və ideoloji sınaq dövrü olmuşdu. Bəli, "soyuq müharibə" ABŞ-ın təkcə xarici və daxili siyasətinin formalaşmasında deyil, ümumilikdə həyat tərzinin qərarlaşmasında, onun ayrı-ayrı spesifik elementlərinin, müxtəlif insan reaksiyalarının üzə çıxmasında mühüm rol oynamışdı (168.az).
Birləşmiş Ştatlarda "soyuq müharibə"ni əslində iki nəsil birgə aparmışdı. Savaş 1945-ci ildə faşist Almaniyasının mərkəzi Berlinin süqutu ilə başlamış (tarixi ədəbiyyatlarda "soyuq müharibə"nin başlanma tarixi kimi Böyük Britaniyanın baş naziri Uinston Çerçilin 1945-ci ildə ABŞ-ın Fulton Universitetindəki çıxışı götürülür), 1989-cu ildə yenə də həmin Berlin bu dəfə divarının dağıdılması ilə yekunlaşmışdır. Amma böyük prosesin başa çatması ilə amerikalılar fundamental sayılacaq sualla baş-başa qalmışdılar. Onların düşüncələrinə görə, əgər azadlıqla kommunizm arasındakı tarixi mübarizə başa çatmışdısa, imperiya kimi dəyərləndirilən Sovet İttifaqı yoxdursa, ruslar dost olmaq istəyirlərsə, dünyadakı yeni missiya nədən ibarət olmalıdır?
Bu barədə çox düşünməyə ehtiyac qalmadı. İraqın bu yaxınlarda asılaraq öldürülmüş lideri Səddam Hüseyn 1990-cı ilin avqustunda Küveytə qoşun çəkdi. ABŞ-ın o zamankı prezidenti ata Corc Buş (1989-1993) ətrafına güclü koalisiya topladı və müharibəni uddu. Amma bunun üçün cəmi 100 saat lazım gəldi. Qısa müddətdə qazanılmış, haradasa qeyri-bərabər mübarizənin məhsulu kimi ortaya çıxmış qələbəni təntənəli şəkildə bayram edərkən Buş bildirdi: "Biz dünyada yeni qayda-qanun yaradacağıq".
Təbii ki, bu pafoslu bildiriş ölkənin yeni mühafizəkarlarının ürəyindən idi. Təkqütblü dünyanın ABŞ-a verdiyi qlobal hegemonluq erası başlanmışdı. Amma bu kimi deyimlər sadə amerikalıları o qədər də ruhlandırmırdı. Onlar İraq üzərindəki qələbənin respublikaçı memarından demokrat Bill Klintona görə üz döndərdilər. Görünür, xalq müharibə istəmirdi.
Qəribədir ki, Birləşmiş Ştatların seçiciləri 2000-ci ildə digər Buşu dəstəklədilər. O, isə öz növbəsində seçicilərinə daha ciddi Amerika göstərəcəyinə söz verdi.
Birmənalı demək çətindir ki, oğul Buş ata Buşun yolunu davam etdirmək istədi. Birləşmiş Ştatların 43-cü prezidenti dünyada yeni qayda-qanun yaratmaq işinə lazımınca girişsə də, onun atasının ideya-nəzəri istiqamətinə sadiqliyindən çox, ölkənin 28-ci dövlət başçısı Vudro Vilsonun belə demək mümkünsə, intervensionizm nəzəriyyəsini mənimsədiyini vurğulamaq mümkündür. O, 2001-ci ilin dekabrında Əfqanıstanda Taliban üzərində qələbə qazandı. 2004-cü ildə isə bəyan etdi ki, ABŞ-ın missiyası dünyada tiranlığa son qoymaqdır.
Amma sonrakı proseslər böyük hesabla dünyanın Birləşmiş Ştatlara kömək etmək niyyətində olmadığını göstərdi. 2006-cı ilin sonunda Taliban yenidən qayıtdı, Amerika isə İraqda sonu bilinməyən müharibəyə baş vurdu. Nəticədə Buşun təmsil etdiyi Respublikaçılar konqresdəki üstünlüklərini əldən verdilər, dövlət başçısının "xaç yürüşü" isə Həmas və Hizbullahı yerlərdə seçki qalibinə çevirdi.
2008-ci ildə hakimiyyətə Barak Obama gəldi. Birləşmiş Ştatların ilk qaradərili prezidenti 2010-cu ildə başlanmış "ərəb baharı"nı və nəticədə Tunisdə, Misirdə, Yəməndə və Liviyada reallaşdırılmış "diktator ovları"nı bir növ, özününkü, yəni öz işi kimi qəbu etdi. Məsələnin mahiyyəti və həmin mahiyyətin doğurduğu yekuna gəldikdə, o siyasi anlamda daha dəhşətli alındı.
Ona görə də, indi Obamanın öyünə biləcəyi çox az şey var. Məsələ burasındadır ki, "ərəb baharı" ilə bir-birinin ardınca devrilmiş diktatorların gəzdikləri torpaqlarda belə demək mümkünsə, ərəb apokalipsisinin 4 tərəfi görünməyə başlandı - traybalizm (tayfa-qohumluq əlaqələri xüsusunda dövlət hakimiyyətinin formalaşdırılması), etno-milliçilik, islam fundamentalizmi və nəhayət, ən əsası, anti-amerikaçılıq.
Belədə Birləşmiş Ştatların siyasi dairələri, necə deyərlər, düşünən beyinləri çox haqlı olaraq bu məqama köklənməyə başladılar: əgər İslam dünyası müharibələrimizə, İsrailə dəstək verməyimizə görə bizə qarşı hiddət və kin yağdırırsa, o zaman biz nəyə görə həmin ölkələrdə özümüzə qarşı əks mövqe tutanların seçiləcəyi azad seçkilərə çağırış edirik?.. Bəli, hazırda Birləşmiş Ştatlar vacib sual ətrafında düşünərək bildirir ki, diktatorların hakimiyyətdən salınması sonda Qərbə kəskin münasibət bəsləyən şəxslərin hakimiyyətə yiyələnməsinə yol açırsa, o zaman diktatorları devirmək nəyə görə lazım idi?
Bu sayaq düşüncələri bölüşənlər yenə də "soyuq müharibə" dövrünə müraciət edirlər və bildirirlər ki, həmin dönəmdə ABŞ özünə xeyli sayda tərəfdaş qazanmağa müvəffəq olmuşdu. Ölkənin dostları içərisində İran şahından tutmuş çilili diktator Auqusto Pinoçetədək bir çoxları var idi. Hindistanda Cəvahirəl Nehru, İsveçdə Ulof Palme kimi demokratik dissidentlər də bu sırada dayandırdılar. Ümumən istər İkinci Dünya Müharibəsi, istərsə də "soyuq müharibə" zamanında Birləşmiş Ştatlar üçün dost seçimində əsas meyar heç də həmin dostun demokratik seçki yolu ilə hakimiyyətə yiyələnməsi deyildi. Gəlin, yada salaq, seçki yolu ilə Almaniya kansleri postunu tutmuş Adolf Hitleri Amerika özünə yaxın qoymurdu.
Məşhur amerikalı siyasi filosof, tənqidçi və yazıçı Rassel Kirkin (1914-1994-cü illərdə yaşayıb) bir fikrini yada salmaq istərdik. Filosof deyirdi ki, ideologiya siyasi dindir. Demokratiyanın sitayişi büdpərəstliyin forması və yalançı tanrıya baş əyməkdir. Göründüyü kimi, yazıçının söylədiklərinə nəzərən məhz az öncə vurğuladığımız məqamların Birləşmiş Ştatların bir zamanlardakı dəst-xəttinə uyğunluğu barədə fikir yürütmək mümkündür.
İndilik isə, ABŞ-ın özünə yeni (həm də köhnə! - red.) prezident seçdiyi, üstəlik Suriyanın timsalında "ərəb baharı" ssenarisinin iflasa uğradığı bir vaxtda Vaşinqtonun dünyadakı növbəti missiyasının nədən ibarət olacağına dair çoxsaylı suallar yaranır. Ölkənin gələcəyi ilə bağlı ayrı-ayrı Amerika cəmiyyətini də narahat edir. Bu mənada Birləşmiş Ştatların gələcəkdə hansı yolla gedəcəyini proqnozlaşdırmaq çox çətindir.
Amma ABŞ-ın hazırkı daxili siyasi durumu ölkənin 6-cı dövlət başçısı olmuş, məşhur ictimai-siyasi xadim Con Kuinsi Adamsın (1825-1829-cu illərdə prezident olub) bir fikrini yada salmağı da zəruriləşdirir: "Amerika sərhəddən kənara hansısa əcayibi məhv etmək üçün getmir. Ölkə azadlığın və tam müstəqilliyin pərəstişkarıdır. Biz azadlığın və müstəqilliyin müdafiəçiləriyik. Amma özümüzünkü olan azadlığın və müstəqilliyin!".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54
2024-12-18 16:08:34
2024-12-18 11:50:23
2024-12-18 11:45:00
2024-12-18 11:32:44
2024-12-18 11:05:28