Oqtay Şirəliyevin nazirliyinə milyonlarla manatlıq ittiham
14:31 16-11-2012
İQTİSADİYYAT
Oqtay Şirəliyevin nazirliyinə milyonlarla manatlıq ittiham
Dializli xəstələrlə bağlı ayrılan vəsait ətrafında şühələr var
Bu gün dünyada ən geniş yayılmış və tibb elminin qarşısını ala bilmədiyi ağır xəstəliklərdən biri xroniki böyrək çatışmazlığına qarşı aparılan müalicə üsulu dializ - yəni qanın orqanizmdən kənarda təmizlənməsidir.
Hesabatlara görə, hazırda dünya üzrə orta göstərici olaraq 1 milyon nəfərə 600 böyrəkəvəzləyici müalicə alan xəstə qəbul edilir. Bu statistikanı nəzərə alsaq, 9 milyon nəfər əhalisi olan Azərbaycanda 5000-dən yuxarı belə müalicə alan xəstə olmalı idi. Lakin Səhiyyə Nazirliyindən verilən rəsmi statistikaya görə, 2009-cu ilin sonuna Azərbaycanda hemodializ alan xəstələrin sayı 1183 nəfər olub.
Hazırda həmin rəqəmin nə qədər olduğunu aydınlaşdırmağa çalışdıq və yalnız 2011-ci illə bağlı rəqəmə rastladıq. Belə ki, ötən ilin hesablamalarına görə, Azərbaycanda 1600 dializ xəstəsi var. Rəsmi uçotda duranların sayı isə 1463 nəfərdir. Amma qeyri-rəsmi qaynaqlardan aldığımız məlumatlarda qeyd edilir ki, ölkədəki dializ xəstələrinin sayı bu rəsmi rəqəmlərdən çoxdur. Bəs Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyin sayı gizlətməkdə məqsədi nədir? Bax bu kifayət qədər ciddi sualdır və adamın ağlına müəyyən şübhələr gətirir, müəmmalar yaradır.
Müşahidələr göstərir ki, xəstələrin hemodializ aparatına qoşulma proseduru çox bahalıdır. Qanunvericilikdə birmənalı olaraq göstərilib ki, dializə ehtiyaclı xəstələrin hemodializ aparatına qoşulması və preparat qəbulu pulsuzdur. Amma reallıqda bunun tam tərsidir. Səhiyyə sisteminə yaxın bir mənbə dializli xəstələrin müvafiq aparata pulsuz qoşulmaq üçün iki yolunun olduğunu deyir: tapşırıq (hansısa vəzifəli yaxınının və tanışının vasitəsi ilə dializ şöbələrinə tapşırılmaq ) və ya çoxsylı şikayətlər, ən yuxarı qurumlara aramsız müraciətlər, ayaqdöymələr.
Elə xəstə var ki, həftədə bir dəfə deyil, 3 dəfə hemodializ aparatına qoşulmalıdır. Bunun hər həftəsi isə xəstəyə 200-250 manata başa gəlir. Halbuki hökumət dializ xəstəsinə 110 manat müavinət ödəyir, bu isə boş hemodializ prosedurunu keçməyi, heç dərmanların pulunu ödəməyə çatmır.
Qeyd edək ki, əksər ölkələrdə xroniki böyrək çatışmazlığı olan xəstələrin böyrəkəvəzləyici müalicəsi dövlət hesabına həyata keçirilir. Azərbaycanda bu işə Nazirlər Kabinetinin 9 iyul 2006-cı il tarixli 179 saylı qərarı ilə təsdiqlənmiş "Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı"nın icrası ilə başlanıb. Proqram 2006-2010-cu illəri əhatə edir. Sənədə əsasən, 2006-cı ildə proqramın icrasına dövlət
büdcəsinin səhiyyəyə aid xərc bölməsindən 11,8 milyon, 2007-ci ildə 13 milyon, 2008-ci ildə 15 milyon, 2009-cu ildə 17 milyon, 2010-cu ildə isə 20 milyon manat ayrılmalı idi. Maliyyə Nazirliyindən sorğulara verilən cavabdan aydın olur ki, proqramın icrasına vəsait ayrılmasına 2007-ci ildən başlanıb - həmin il dövlət büdcəsindən bu məqsədlə 12,4 milyon, 2008-ci ildə 16,9 milyon, 2009-cu ildə 19,3 milyon, 2010-cu ildə isə 19,8 milyon manat ayrılıb. Araşdırmalar zamanı aydınlaşıb ki, 2007-ci ildə dövlət proqramının icrasına 10 milyon, 2008-ci ildə 14,4 milyon, 2009-cu ildə isə 16 milyon manat xərclənib. Rəqəmlər göstərir ki, proqram üzrə faktiki xərcləmələr nəzərdə tutulandan 15-20 faiz az olub. Bunun bir neçə mühüm səbəbini qeyd etmək mümkündür.
Birinci səbəb büdcə tərtibatında proqnozlaşdırma işinin düzgün qurulmamasıdır. Səhiyyə Nazirliyi proqramda nəzərdə tutulan ən vacib işlərdən birini - xroniki böyrək çatışmazlığı olan xəstələrin registrinin yaradılmasını - həyata keçirməyib. Halbuki bu registrin yaradılması xərclərin düzgün proqnozlaşdırılmasına imkan verərdi. Digər mühüm bir səbəb xroniki böyrək çatışmazlığı xəstələrinin dövlət təminatı üçün düzgün yolun seçilməməsidir.
Proqram çərçivəsində həyata keçirilən tədbirlər xroniki böyrək çatışmazlığı xəstəliyinə ciddi və getdikcə aktuallığı artan sosial problem kimi yanaşmanın formalaşmasına gətirib çıxartmayıb. Bir sözlə, proqram problemlə mübarizə istiqamətində olduqca zəif bir sənəd kimi qiymətləndirilir. Proqram çərçivəsində xəstələrə veriləcək xidmət və dərman preparatlarının ünvanlılığını təmin edəcək dəqiq mexanizm də sənədə daxil edilməyib.
Araşdırmalar göstərir ki, Səhiyyə Nazirliyi yalnız öz tabeliyində olan hemodializ mərkəzlərində çalışan personalın texniki xarakterli treninqlərdən keçməsini təmin edir. "Süni böyrək aparatları ilə təchiz olunmuş tibb müəssisələrində nevroloji xidmət strukturunun yaradılması" və "İxtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi" istiqamətləri üzrə görülən işləri də yetərli saymaq mümkün deyil.
Azərbaycanda hər 1 milyon nəfərə düşən hemodializ yerlərinin sayı heç 200-ə çatmır, bu isə dünya və Avropa üzrə minimum göstəricidən 2 dəfəyədək aşağıdır. Bu baxımdan Səhiyyə Nazirliyinin 2010-cu ilin yanvarından Azərbaycanda bütün ehtiyacı olanların hemodializlə təmin olunduğu barədə rəsmi məlumatının reallığı əks etdirmədiyini söyləmək mümkündür. Məsələ burasındadır ki, rəsmi rəqəmlər son illərdə ölkədə xroniki böyrək çatışmazlığı xəstələrinin sayının çox sürətlə artdığını göstərir.
Bir sözlə, bir neçə il ərzində dövlət proqramının icrası məqsədi ilə Səhiyyə Nazirliyinə ayrılan pulların effektsiz xərclənməsi məlum olur ki, bu da korrupsiyanın bir başqa forması sayılmalıdır Üstəlik, əvvəlki illərlə müqayisədə dializli xəstələrin pulsuz müalicə ilə bağlı şikayətlərinin artması da bir neçə ildə onmilyonlarla manatın ayrıldığı dializ məsələsində korrupsiya və qeyri-səmərəlilik ehtimallarını qüvvətləndirir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00