İsraillə Fələstin yenə də Yaxın Şərqi qarışdırdı
14:34 16-11-2012
İQTİSADİYYAT
İsraillə Fələstin yenə də Yaxın Şərqi qarışdırdı
Fələstin silahlıları İsrailə 83 raket zərbəsi endiriblər
Rasim Ağayev: "İsrail məqsədinə çata bilməyəcək və faktiki olaraq, izolyasiya halındadır"
İsrail dünən Qəzza zolağına qarşı irimiqyaslı hərbi əməliyyata başladığını elan edib. Əməliyyat Fələstin silahlılarının İsraili raket atəşinə tutmasına cavab tədbiri kimi nəzərdə tutulur. Artıq əməliyyat nəticəsində 10-a yaxın fələstinli öldürülüb. Onların arasında Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının hərbi qanadının şefi Əhməd əl-Cabari və bir körpə uşaq da var. Cavab atəşilə fələstinlilər 2 israillini yaralayıblar.
İsrailin Nazirlər Kabineti ehtiyatda olan hərbçilərin səfərbərliyini elan edib.
"Frans Press"-in verdiyi məlumata görə, bu barədə qərar gecə saatlarında Nazirlər Kabinetinin iclasında qəbul edilib.
İclasın yekun bəyanatında deyilir ki, müdafiə nazirinin razılığından sonra səfərbərlik başlayacaq.
İsrail ordusunun komandanlığından isə bildirilib ki, ehtiyatda olanların bəziləri xidmətə çağırılsalar da, ümumi səfərbərlikdən söhbət getmir.
Qeyd edək ki, Qəzza bölgəsini bombardman edən İsrail tərəfi ərazidə quru əməliyyatların keçirilə biləcəyini istisna etmir. Səfərbərliyin elan edilməsi də bununla əlaqələndirilir.
İsrailin ötən gün Qəzzaya qarşı başladığı hərbi əməliyyatlar davam edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, İsrail Silahlı Qüvvələrinin havadan və sudan "Həmas"a qarşı hücumlarında 15 nəfər fələstinli həlak olub, 94 nəfər yaralanıb.
Ölənlərdən birinin BBC-nin bölgədəki müxbirlərindən biri Cihad Mişaravinin 11 aylıq oğlu olduğu bildirilir. Qəzza müxbirinin qardaşı da ağır yaralanıb.
Digər bir məlumata görə, Qəzzadan açılan raket atəşi nəticəsində 3 israilli dinc sakin həyatını itirib.
İsrailin Aralıq dənizində olan donanması Qəzzaya şimaldan da zərbə endirib. Havadan hücumlar zamanı "Həmas"ın silahlı qanadı olan "İzzədin Kassam Tuqayları"nın lideri Əhməd əl-Cabəri qətlə yetirilib.
Mətbuatda yer alan məlumata görə, əməliyyatın rəsmi adı "Müdafiə sütunu"dur.
Ötən axşam televiziya vasitəsilə xalqa müraciət edən İsrailin baş naziri Binyamin Netanyahu "Həmas"a və digər terror təşkilatlarına açıq mesaj göndərdiklərini demişdi. "Lazım olsa əməliyyatı genişləndirməyə də hazırıq".
Bir sıra dövlətlər, o cümlədən Türkiyə İsraildən dərhal hərbi əməliyyatı dayandırmağı tələb ediblər. İsraillə son hərbi münaqişə başlayandan bəri Fələstin silahlıları bu ölkəyə 83 raket zərbəsi endiriblər. Zərbələri İsrailin iri Beer-Şeva, Aşdod, Aşkelon, Sderot, Ofakim, Dimona şəhərlərinə endirilib. Sonuncu şəhərdə iri nüvə mərkəzi var. Zərbələr nəticəsində 2 nəfər yaralanıb. İsrail ordusu 25 raketin ələ keçirildiyi barədə məlumat verib. Qəzza zolağından 40 km məsafədə olan ərazidə məktəblərdə dərslər və ümumiyyətlə kütləvi tədbirlər ləğv olunub.
İsrailin dünəndən başladığı irimiqyaslı hücum nəticəsində 9 nəfər fələstinli qətlə yetirilib. Onların arasında körpə uşaq və HƏMAS-ın hərbi qanadının şefi Əhməd əl Cabari də var.
BMT Təhlükəsizlik Şurasında isə Yaxın Şərqdəki vəziyyətlə bağlı rəsmi qapalı görüş keçiriləcək.
BMT-nin mətbuat xidmətindən verilən məlumata görə, görüş mətbuat üçün qapalı rejimdə keçiriləcək. Əldə olunan məlumata görə, görüşdə İsrail və Fələstin Milli muxtariyyətinin BMT yanındakı nümayəndələrinin çıxışları dinləniləcək.
"Müsəlman qardaşlar"
Misiri İsraillə bütün
münasibətləri
kəsməyə çağırıblar
Misirin ən nüfuzlu ictimai-siyasi qüvvəsi olan "Müsəlman qardaşlar" islamçı hərəkatı İsrailin Qəzza zolağına hücumunu "əsl cinayət" elan edərək hökuməti Təl-Əvivlə münasibətləri kəsməyə çağırıb.
"Fələstinin Qəzza zolağına qarşı təcavüz əsl cinayətdir və bütün Yaxın Şərq bölgəsində sabitliyə təhlükə yaradır", deyə hərəkatın yaydığı bəyanatda deyilir.
"Müsəlman qardaşlar" baş verənlərə görə məsuliyyəti həm də "heç bir cavab tədbiri görməyən" ərəb dövlətlərinin üzərinə qoyublar. Onlar Ərəb Dövlətləri Liqasını müvafiq addımlar atmağa çağırıblar.
Xatırladaq ki, baş verənlərlə bağlı Misir artıq İsraildəki səfirini geri çağırıb, İsrailin bu ölkədəki səfirinə isə nota təqdim olunub.
Türkiyə də İsraildən təcili olaraq Qəzzaya hücumu dayandırmağı tələb edib. "Qəzza zolağında başlamış əməliyyat İsrailin təcavüzkar siyasətinin növbəti nümunəsidir. Biz bu hücumu qətiyyətlə pisləyirik və onun dərhal dayandırılmasını tələb edirik", deyə Türkiyə XİN bəyan edib. Bəyanatda qeyd olunur ki, Ankara "Dəfələrlə heç bir dövlətin beynəlxalq qanunvericilikdən üstün olmadığını bildirib".
Türkiyə XİN beynəlxalq ictimaiyyət və BMT-ni hadisəyə lazımi reaksiya göstərməyə çağırıb.
Politoloq: "İsrailin
eşşəyə gücü çatmır,
palanı döyəcləyir"
Politoloq RasimAğayevin sözlərinə görə, "İsrail Fələstinə zərbə endirəcəyi barədə əvvəllər də xəbərdarlıq etmişdi. Amma mənə elə gəlir ki, indiki durumda İsrailin əsas hədəfi Fələstin deyil, yenə də İrandır. Necə deyərlər, İsrailin "Eşşəyə gücü çatmır, palanı döyəcləyir". Məlum olduğu kimi, Netanyahu İrana hücum etmək niyyətindən geri çəkilməyib, amma Birləşmiş Ştatların prezidenti Obama onu bu yöndə dəstəkləmədi. Ümumiyyətlə, Obama Netanyahunu bir siyasətçi kimi sevmir. Obamanın yenidən Birləşmiş Ştatların prezidenti seçilməsi isə həm İsraili, həm də dünyadakı yəhudi lobbisini məyus edib".
Politoloq hesab edir ki, "Bununla belə, İsrail Fələstini ram etmək baxımından məqsədinə çata bilməyəcək. Xüsusən də baş nazir Netanyahunun siyasi xətti dünya birliyi tərəfindən ciddi şəkildə qınanır. Onun yürütdüyü xarici siyasətin nəticəsində İsrail, faktiki olaraq, izolyasiya vəziyyətinə düşüb. İsrailin Fələstinin müstəqilliyini tanımaqdan başqa yolu qalmayıb".
Savalan
Digər Xəbərlər
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54