Rusiya ABŞ-ı çökdürdü
14:35 16-11-2012
İQTİSADİYYAT
Rusiya ABŞ-ı çökdürdü
İvanaşvilinin Saakaşvilini çökdürməsi ilə
Bir zamanlar hakimiyyətə məxməri inqilabla gələn Saakaşvili , deyəsən elə məxməri təzyiqlərlə də hakimiyyətini təhvil verəcək. Belə ki, bir ay öncə Gürcüstanda keçirilən parlament seçkilərində Mixail Saakaşvili məğlub oldu və Bidzina İvanişvilinin rəhbəri olduğu “Gürcü arzusu” koalisiyası qələbə qazandı. Bununla da Gürcüstanda siyasi vəziyyət dəyişdi. Tək Gürcüstanın daxilində yox, həm də xarici siyasətində də artıq ciddi dəyişikliklər hiss olunmağa başlayır. Hələlik isə yeni hökümət bütün gücünü Gürcüstan prezidenti Mixail Saakaşviliyə yönəldib. Məqsəd isə təkdir ,Saakaşvilini vaxtından əvvəl istefaya göndərmək. Gəlin öncəliklə Mixail Saakaşviliyə qarşı başlanan kompaniyanın cizgilərinə baxaq.
Saakaşvilinin
səlahiyyətlərinə
əl qoyulur
Hazırda yeni hökümət parlament vasitəsi ilə Saakaşvilinin səlahiyyətlərini əlindən almağa çalışır. Söhbət ilk növbədə güc strukturlarını hökümətə tabe etdirməkdən gedir. Buna görə də Gürcüstan parlamentinə Xüsusi Dövlət Mühafizə Xidmətinin prezident Mixail Saakaşvilinin tabeçiliyindən çıxarılması ilə bağlı qanun layihəsi təqdim edilib. Qanuna görə, respublika başçısının təhlükəsizliyini təmin edən xüsusi xidmət orqanı Gürcüstan hökumətinin tabeçiliyinə keçəcək.
Nazirlər Kabineti öz fəaliyyəti ilə bağlı məsələləri tənzimləmək hüququ əldə edəcək. Eyni zamanda, rəhbərlərini işə təyin etmək və işdən azad etmək səlahiyyətinə sahib olacaq (hazırda yalnız prezident bu səlahiyyətə malikdir).
Bundan başqa Saakaşviliyə yaxınlığı ilə seçilən əsas fiqurlarda ardıcıllıqla tutduqları postlardan kənarlaşdırılır.
Saakaşviliyə
istefa çağırışı
Bununla yanaşı həm də ictimai rəydə Saakaşvilinin hörmətdən salınması üçün proseslərə start verilib. Məsələn, Saakaşvilini gülünc hədəfinə salmaq üçün ona məxsus təyyarədən istifadə etməsi belə mürəkkəbləşdirilir və prezident sarayının işıqları işıq puluna görə kəsilir. Həmçinin əhali arasında onun istefaya göndərilməsi ilə bağlı kompaniyalar təşkil edilir. Buna görə artıq
Gürcüstanda Mixail Saakaşvilinin prezident postundan istefası üçün imza yığımına başlanılıb.
İmza atanlar arasında yazıçı Cansuq Çarkiviani və Çabua Amiredjibi, rejissor Rezo Çxeidze və Qiqa Lortkipanidze kimi bir çox mədəniyyət xadimləri də var.
Xatırladaq ki, “Gürcü arzusu” fraksiyasının nümayəndələri hələ seçkilərdən əvvəl Saakaşvilini istefaya çağırıblar. Əks təqdirdə imiçment prosedurunun həyata keçirilməsinə təşəbbüs edəcəkləri ilə hədələyiblər. Seçkilərdən sonra baş nazir İvanaşvili də belə bir bəyanatla çıxış edərək prezidentin istefası tələbinin siyasi mahiyyət daşımadığını əlavə etmişdi.
İndi isə aydın olur ki, bu elə siyasi bəyanatdır və Saakaşvili hər gün küncə sıxışdırılır. Bu o zamana qədər olacaq ki, Saakaşvili siyasi iddialarından əl çəksin. Amma məsələ bununla da tamamlanmayacaq. İvanaşvili Saakaşvili komandasının bir dəfəlik siyasi proseslərdən kənarlaşdırılması üçün onların kriminal dünya ilə bağlılıqlarıda araşdırma hədəfinə alınıb.
Saakaşvilinin
həbs təhlükəsi
Hazırda Gürcüstanda Saakaşvilinin həbs olunmasına çox insan inanır və başlanan işlər də elə bu istiqamətdə gedir. Belə ki, yeni hökumət son günlər Saakaşvili dönəmində yüksək postlarda çalışmış şəxslərin həbsinə başlayıb.
Xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilən Gürcüstanın sabiq daxili işlər naziri Baço Axalaya baş prokuror Arçil Kbilaşvili tərəfindən dindirildikdən sonra həbs olunub.
Bundan başqa bir neçə nazir ölkədən qaçıb. Saakaşvilinin özü isə dindirilməyə aparılacaq.
Gürcüstan prezidenti Mixail Saakaşvili, eks baş nazir Vano Merabişvili, hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan Zurab Adeişvili və parlamentin vitse spikeri Qeorqi Baramidze 2005-ci ilin fevral ayında həlak olmuş keçmiş baş nazir Zurab Jvaniyanın işi ilə bağlı baş prokuror tərəfindən dindiriləcək.
Zurab Jvaniyanın qardaşı bəyan edib ki, qətlə prezident Mixail Saakaşvili şəxsən rəhbərlik edib. Onun sözlərinə görə, bu “ölüm oyunu” eks baş nazir Vano Merabişvili, hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan Zurab Adeişvili və parlamentin vitse spikeri Qeorqi Baramidze tərəfindən “səhnələşdirilib”.
Saakaşvili boğulmamaq üçün cəhdlər edir
Gürcüstan prezidenti hazırda demək olar ki, iflic durumdadır və səlahiyyətlərini, təsir imkanlarını hər gün itirir. Buna görə də əks həmlələrə cəhdlər edir. Məsələn, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası parlamenti boykot edib. Ölkənin müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının parlament azlığı öz işini müvəqqəti dayandırıb. Bu barədə deputat, parlamentdəki azlığın liderlərindən biri Pavle Kublaşvili məlumat verib.
Maraqlıdır, bəs bu baykot hadisələrə hansı formada təsir edə bilər? Ekspertlər bildirir ki, yalnız boykotla kifayətlənmək olmaz. Çünki boykot qərarı qüvvədə olsada yerdə qalan deputatlar parlamentin işini davam etdirə biləcəklər. Bunun üçün Saakaşvilinin yalnız bir yola əl ata biləcəyi ehtimal edilir. Bu isə parlamenti buraxmaq qərarıdır. Yəni parlamentin üçdə bir hissəsi boykot edir və prezident bundan istifadə edərək parlamenti buraxır və yeni seçkilər təşkil edir. Amma buda bildirilir ki, Saakaşvili belə bir addım atarsa, qarşı tərəfdə eyni addımı atar və prezidentə impinçment tətbiq oluna bilər. Bununla da Gürcüstanda sözün həqiqi mənasında hakimiyyət böhranı yaranar. Və tərəflər bu riskə əl qoya bilər. Çünki Gürcüstanda hazırda Saakaşvili ilə İvanaşvili yox, ABŞ-la Rusiya üz-üzə gəlib.
Rusiya Gürcüstanı
içindən yeyir
Mixail Saakaşvili hakimiyyətə gələndən sonar Rusiya ilə bütün əlaqələri kəsdi və demək olar ki, regionda Rusiya üçün real təhlükəyə çevrildi. Çünki Gürcüstan NATO-ya üzv olmaq üçün real addımlar atdı və NATO Gürcüstanı yaxın illərdə üzv qəbul edəcəyini bildirmişdi. Bu isə Rusiyanın Qafqaz siyasətinin tam iflic olması deməkdir. Bununla yanaşı Mixail Saakaşvili regionda ABŞ-in dayaq nöqtəsinə çevrildi və regionda həm də Azərbaycan-Gürcüstan-Türkiyə anklavının yaranmasına nail oldu. Bütün bunlar isə sözsüz ki, Rusiyanı ciddi narahat edirdi və Saakaşviliyə qarşı ən yaxşı mübarizə Gürcüstan daxilində məxməri inqilab yaratmaq idi. Bu inqilabı isə İvanaşvilinin simasında təmin edə bildi.
İvanaşvilinin
Rusiya dayağı
İvanaşvili seçkilərdən dərhal sonar Gürcüstanın yenə də NATO-ya üzv olmağa çalışacağını bəyan etməsi əslində siyasi blef idi. Çünki İvanaşvili fəaliyyətə başlayan kimi bir neçə istiqamətdə işlərə başladı ki, bunlarda Rusiyanın maraqlarına tam olaraq cavab verir. Bunlar nədir?
1. Gürcüstanın enerji problemini Rusiya vasitəsi ilə həll etmək
QEYD- Xatırladaq ki, Saakaşvili hakimiyyətə gəlməmişdən öncə Rusiya Gürcüstanın enerji təminatını tam nəzarətə keçirtmək üzrə idi və bununla bağlı ilkin razılaşmalarda əldə olunmuşdu. Bundan başqa Rusiya enerji daşıycılarına da əl qoymuşdu. Amma Saakaşvili hakimiyyətə gələrək bildirdi ki, Gürcüstanın enerji baxımından Rusiyanın əsarətinə düşməsinə imkan verməyəcək. Bu belə də oldu və Gürcüstanın enerji bazarına Azərbaycan nəzarət etməyə başladı. İndi isə İvanaşvili Rusiyanın bu istəyini həyata keçirtməyə çalışır.
2. Rusiya-Gürcüstan-Ermənistan anklavının yaradılması
QEYD- Saakaşvili hakimiyyətə gələndən sonar Rusiyaya vurduğu əsas zərbələrdən biri də bu oldu ki, Azərbaycan-Gürcüstan-Türkiyə müttəfiqliyi formalaşdı. Halbu ki, Rusiya regionda əsas müttəfiqi Ermənistanı bu prosesə cəlb etməklə tamam başqa bir anklav formalaşdırmağa çalışırdı. Amma Gürcüstan Rusiya ilə əlaqələrini kəsməklə yanaşı, həm də Rusiya-Ermənistan dəmir yolunun iflic olmasını təmin etdi. Bu Rusiya üçün ağır zərbə idi. Hazırda isə İvanaşvili Rusiya ilə əlaqələri qaydaya salmaqla yanaşı, həm də Rusiyanın istəyini nəzərə alaraq Ermənistanla dəmiryolunun bərpasına qərar verib.
3. Vahid Gömürük İttifaqına qoşulma cəhdi
QEYD- Bu gün Rusiya qarşısına qoyduğu strateji bir layihəni həyata keçirtmək üçün bütün gücünü səfərbər edib. Söhbət Vahid Gömürük İttifaqının yaradılmasından gedir. Ekspertlər bildirir ki, belə bir ittifaqı sadəcə olaraq Sovetlərin bərpası ilə müqayisə etmək olar. Qeyd edək ki, bu təklif səslənəndə Gürcüstan-Azərbaycan-Ukrayna bundan imtina etmişdi və Rusiya bu ölkələrə vaxt qoymuşdu. İndi isə vəziyyət dəyişib. Gürcüstandakı yeni hökümət bu ittifaqa üzv olmağı normal qarşılayır və hesab edilir ki, bununla da Gürcüstanın iqtisadiyyatı daha da inkişaf etdirilə bilər.
Beləliklə gördüyümüz kimi İvanaşvili Rusiyanın bütün maraqlarını təmin etmə xətti tutub və proses bu şəkildə davam edəcək. Bu prosesi dayandırmağa isə ABŞ və ya Avropanın hazırda elə bir gücü yoxdur. Yeganə güc Saakaşvili hakimiyyətinin qorunmasıdır. Amma hələ ki, bu istiqamətdə heç bir addım atılmır. Ekspertlər bildirir ki, yaxın iki ay ərzində Saakaşvili düşdüyü vəziyyətdən çıxmağa çalışmasa, vaxtından əvvəl istefa verməli olacaq2. Bu isə onun siyasətdən, Gürcüstanın isə ABŞ-in yanından getməsi deməkdir.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00