Nazirlər deputatlara cavab verdi
14:36 16-11-2012
İQTİSADİYYAT
Nazirlər deputatlara cavab verdi
Alma mübahisəsi hələ də davam edir
Milli Məclisin iclasında deputatlar büdcənin müzakirəsi ilə yanaşı, həm də cari məsələlərə münasibət bildiriblər. Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2013-cü ilin büdcə müzakirələri zamanı ön cəbhədə və Ermənistanla sərhəddə yerləşən kəndlərin ilk növbədə qazlaşdırılmasının vacibliyini vurğulayıb:
"Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən 2013-cü ilin sonlarına qədər ölkə üzrə qazlaşdırma prosesi başa çatmalıdır. Hal-hazırda 2013-cü ilin büdcə zərfini müzakirə edirik. Bu istiqamətdə millət vəkili olduğum Tovuz rayonunda ciddi işlərin aparılmasına ehtiyac var." Qənirə Paşayeva bildirib ki, Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən bir sıra ön cəbhə kəndlərində, o cümlədən bir sıra dağ kəndlərində kənd sakinləri hələ də qaz problemindən əziyyət çəkirlər:
"Təbii ki, ilk öncə ön cəbhədə yerləşən kəndlərdə, Ermənistanla sərhəddə yerləşən kəndlərdə insanların bu istiqamətdə problemləri tezliklə həll olunmalıdır. Çünki onlar hamımızdan fərqli olaraq, daha çətin şəraitdə ön cəbhədə yaşayırlar və ona görə də bu cür kəndlərin qazlaşdırılması prosesi ilk öncə həllini tapmalıdır. Mən "Azəriqaz"ı Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən bir sıra ön cəbhə kəndlərinin qaz problemini qısa zamanda həll etməyə çağırıram".
Maliyyə naziri
deputatların büdcə
tənqidlərini
cavablandırdı
Maliyyə naziri Samir Şərifov deputatların büdcə məsələlərilə bağlı tənqidi suallarına cavab verib.
Nazir öncə millət vəkillərinin büdcədə neftin qiymətinin 100 dollar həcmində saxlanılması ilə bağlı narahatlıq doğuran fikirlərini şərh edib. .
"Dövlət büdcəsinin xərclərinin strukturu elə qurulub ki, bu xərclərin bir hissəsi vergi və gömrük, eləcə də Neft Fondundan transfertlər hesabına maliyyələşir. Neft Fondunda konkret məbləğ nəzərdə tutulub və bu vəsait büdcəyə köçürüləcək. Bunun isə neftin qiymətindən asılılığı yoxdur. Hazırda dövlət büdcəsinin icrası üçün neftin qiyməti ilə bağlı risklər mövcud deyil".
"Digər tərəfdən, neftin qiymətinin kəskin düşməsi büdcəyə ciddi risk yaratmayacaq: Biz beynəlxalq vəziyyəti izləyirik və növbəti illərdə neftin qiymətinə dəyişikliklər edilə bilər"-deyə S.Şərifov bildirib.
Maliyyə naziri Samir Şərifov deputat, xalq artisti Zeynəb Xanlarovanın ona ünvanladığı suala cavab verib.
Nazir millət vəkilinin "Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaqmı?" sualına cavabında bildirib ki, gələn ilin dövlət büdcəsinin bu insanlara müsbət təsiri olacaq, narahatlığa əsas yoxdur.
" Bəli, 2013-cü ildə dövlət büdcəsinin artımı həmin peşə sahiblərinə aid ediləcək. 2004-cü ildən başlayaraq əmək haqları 11 dəfə artırılıb. 2013-cü ildə də əmək haqlarının artırılması ənənəsi davam etdiriləcək".
Samir Şərifov deputatların orta məktəblərdə müəllimlərə dərs saatlarının az verilməsi ilə bağlı səsləndirdikləri fikirlərə münasibət bildirib. S.Şərifov bildirib ki, bu məsələ ilə bağlı Maliyyə Nazirliyi orta məktəblərdə qadağa qoymayıb.
"Azərbaycanda müəllimlərlə şagirdlərin say nisbəti aşağıdır. Belə ki, hər səkkiz şagirdə bir müəllim düşür. Bu isə Avropa standartlarına uyğun deyil. Avropada 15 şagirdə bir müəllim düşür. Azərbaycanda müəllimlərin şagirdlərə nisbətən çox olması belə gətirib çıxarır ki, dərs saatı müəllimlər arasında elə bölüşdürülsün ki, bütün müəllimlərə dərs çatsın", - deyə nazir vurğulayıb.
Maliyyə naziri həmçinin ali məktəb xərclərinin aşağı olması ilə bağlı Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmovun qaldırdığı məsələyə toxunaraq, bununla razılaşmadığını bildirib. O, qeyd edib ki, dövlət ali təhsil müəssisələrində xərclərin artırılmasına dair sənəd Nazirlər Kabineti ilə artıq razılaşdırılıb.
Nazir həmçinin vurğulayıb ki, rektorlar ali təhsil müəssisələrində büdcədənkənar vəsaitlərin də xərclərə daxil edilməsini nəzərə almalıdırlar.
Nazir müavini deputatın iradlarına cavab verdi
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova deputat Vahid Əhmədov tərəfindən qaldırılan Qubada alma satışındakı problemlərlə bağlı öz mövqeyini bildirib.
S. Həsənova deputatın tənqidlərini bölüşmədiyini qeyd edib:
"Quba-Xaçmaz iqtisadi rayonundakı meyvəçiliyin inkişafı ilə bağlı ciddi işlər görülür. Bunun üçün dövlət tərəfindən vəsait də ayrılır".
Nazir müavini qeyd edib ki, hazırda Qubada 4 meyvə emalı zavodu fəaliyyət göstərir: "İllik məhsul 26 min tondur. Bununla yanaşı, dövlət, İqtisadi İnkişaf Nazirliyi meyvəçiliklə məşğul olan fermerlərə, bağbanlara güzəştli kreditlərin ayrılması ilə də bağlı da iş aparır. Bu il ərzində onlara 11 milyon manat kredit verilib". S. Həsənova bildirib ki, Vahid Əhmədovun iradları ilə razı deyil.
Nazir müavini deyib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı hökumət qarşısında vəzifə kimi qoyulub.
"Kənd təsərrüfatı, turizm, İKT və bir sıra digər sahələrin inkişafı məqsəd kimi qoyulub. Bunlar məşğulluğun təmin edilməsi, xammalın istifadəsi və bununla da qeyri-neft sektorun genişlənməsinə səbəb olacaq".
S.Həsənovanın sözlərinə görə, uzunmüddətli perspektivdə qabaqcıl dünya təcrübəsindən yararlanmaqla yüksək sosial rifaha nail olunacaq. Adambaşına düşən gəlirin 2 dəfə artırılaraq 13 min ABŞ dollarına çatdırılması nəzərdə tutulub. Nazir müavini deyib ki, qeyri-neft ticari sektorunun ixrac potensialının inkişafının dəstəklənməsi qarşıya məqsəd qoyulub.
"Azərbaycanda sənayenin genişmiqyaslı modernləşməsi siyasəti aparılır. Sumqayıt sənaye parkının yaradılması üzrə intensiv işlər gedir. Bizə dəstək olmaları üçün xarici ekspertləri cəlb edirik. Balaxanı ekoloji sənaye parkı yaradılır, burada Bakıdakı məişət tullantılarının emalı nəzərdə tutulub. Bu, eyni zamanda, yeni iş yerlərinin yaranmasına, ekoloji problemlərin həll olunmasına gətirib çıxaracaq.
Polietilen paketlərin emal olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlət, İqtisadi İnkişaf, Səhiyyə nazirlikləri təhlillər aparıb, bizim nazirliyin işçi qrupu formalaşdırılıb. Ən qabaqcıl dünya təcrübəsini öyrənməklə tədbirlər paketi hazırlanacaq. Bunun üçün italyan mütəxəssislərlə danışıqlar aparılır və bu ilin sonuna konkret qərar qəbul olunacaq".
Nazir müavini ayrı-ayrı rayonlarda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib, həmin regionların iqtisadi potensialının artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığını qeyd edib.
Oqtay Əsədov da alma
problemindən danışdı
Milli Məclisin sədri Oqtay Əsədov da Qubadakı alma problemi ilə bağlı öz mövqeyini bildirib. O, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın çıxışından sonra məsləyə münasibətini bildirərək, rayonlarda meyvə-tərəvəzin saxlanması şərtlərinə diqqət yetirməyin lazım olduğunu deyib.
Spiker qeyd edib ki, kredit verərkən həmin fermerlərdən və kəndlilərdən soruşmaq lazımdır ki, meyvələrin satışında rentabellik necədir. "Bilməliyik ki, Qubada alma ilə bağlı problem nədir, onların qiymətlərində fərq varmı, saxlamaq neçəyə başa gəlir Soyuducuların necə işləməsini də yoxlamaq lazımdır".
O. Əsədov eyni zamanda Qubadakı meyvə-tərəvəzin saxlanması şəraitində bir sıra məsələlərin açıq qaldığını vurğulayıb. "Soyuducuda saxlanılmayan meyvələr əksər hallarda şəhərə gətirilmir, satışa verilmir və heyvanlara yem edilir. Bu halların qarşısını almaq üçün fermerlər arasında maarifləndirici tədbirlər aparmaq lazımdır", - deyə spiker qeyd edib .
Deputatdan gözlənilməz açıqlama
"Milli Məclisin kompüterlərində bir sıra aparıcı qəzetlərin saytlarına daxil olmaq mümkün deyil. "Yootube" da məhdudiyyətlər var. Bu nə ilə bağlıdır? Bunun araşdırılması vacibdir. Azərbaycanın müasir dövründə belə bir problemin olması qəribədir".
Bu sözləri Milli Məclsin bugünkü iclasında deputat Etibar Hüseynov millət vəkillərinin kompüterlərində tətbiq olunan qadağalarla bağlı danışarkən deyib. E.Hüseynov parlament rəhbərliyinə sual edib ki, Milli Məclisin kompüterlərində deputatların "Yootube" və digər sosial şəbəkələrə, bir sıra saytlara girişi niyə məhdudlaşdırılıb.
E.Hüseynov onu da deyib ki, Milli Məclisin kompüterləri bərbad vəziyyətdədir:
"İnternetdə çox ciddi problemlər var. Bir məktubu yazmaq bir saata başa gəlir. Dünyanın bir sıra yerlərində əyləncə və tanışlıq saytları ilə bağlı məsuliyyətin nəzərdə tutulması normaldır. Bu məsələdə Milli Məclisin texniki işçilərinə məhdudiyyət qoyula bilər. Amma dünyanın hər yerində deputatlar sosial şəbəkələrdən, "Yootube"dan istifadə edirsə, bizdə də deputatlar bu imkanlardan istifadə edə bilər. Milli Məclisdə buna məhdudiyyət qoyulmamalıdır".
Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə səsləndirilən iradlara cavab olaraq bildirib ki, qəzet saytlarının heç birinə məhdudiyyət yoxdur. Amma "Yootube"a və digər saytlara girişin məhdudlaşdırılması ilə bağlı məsələ araşdırılacaq.
Milli Məclisdə yaşayış
minimumu
mübahisə doğurdu
2013-cü il üçün yaşayış minimumunun 116 manat olması nəzərdə tutulub.
2013-cü il üçün ölkədə yaşayış minimumunun 116 manat olması nəzərdə tutulub. Bu barədə Milli Məclisin axşam iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "2013-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsindən danışarkən deyib. O bildirib ki, sənəddə işləyən əhali üçün 125 manat, pensiyaçılar isə 91 manat nəzərdə tutulub.
Müzakirələrlə çıxış edən deputat Əli Məsimli isə yaşayış minimumunun bu qiymətlərlə formalaşmasına etiraz edib:
"116 manat aylıq yaşayış minimumu real deyil. Buna yenidən baxmaq lazımdır. 1 manat səhər, 2 manat günorta, 3 manat da axşam yeməyinə sərf olunsa, ayda 120 manat pul edir. Bəs bu məbləğ yaşayış minimumu kimi necə bölüşdürülə bilər, bu məbləğin heç bir elmi əsası yoxdur. Ünvanlı sosial yardımın miqdarını müəyyənləşdirərkən də yaşayış minimumundan istifadə etmək lazımdır".Millət vəkili yaşayış minimumunun yüksəldilməsi üçün işlər görməyə çagırıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00