Rusiyanın Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimovun qızı 2019-cu ildə 10 milyon rublluq (231 min AZN)  gəlir barədə hesabat verib.

Unikal.org region hökumətinin saytında yerləşdirilən məlumata əsasən xəbər verir ki, bu, qubernatorun özünün gəlirlərindən ikiqat artıqdır.

Lyubimov 4,3 milyon rublluq (99 min AZN) gəlir hesabatı verib. Sənədə əsasən, onun mülkiyyətində nə mənzil, nə də avtomobil yoxdur. Onun istifadəsində yalnız 205,1 kvadrat metr sahəsi olan mənzil var. Region rəhbərinin həyat yoldaşı da həmin mənzildən istifadə edir, həmçinin onun mülkiyyətində 92 kv.metr sahəsi olan mənzil və 70,6 kv.metr sahəsi olan mənzildən pay var.

Qadın “Audi Q7” avtomobilinin də sahibidir, onun 2019-cu ildə gəliri 1,8 milyon rubl (41,6 min AZN) təşkil edib. 

Ailədə illik maksimum gəlir barədə hesabatı bölgə rəhbərinin yeniyetmə qızı verib. Onun mülkiyyətində valideynləri ilə birlikdə yaşadığı mənzildən savayı, sahəsi 92 və 127,7 kv.metr olan daha iki mənzil  var. Həmçinin yeniyetmənin istifadəsində sahəsi 2,2 kv.metr olan bir anbar və avtomobilinin olmamağına baxmayaraq 16.7 kv. metrlik qaraj var.