Rusiya qoşunları Ukraynanın Slavutiç şəhərinə nəzarəti ələ keçirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Yuriy Fomiçev açıqlayıb. 

Onun sözlərinə görə, şəhərin üç sakini həlak olub. Mer bildirib ki, şəhərdən sakinlərin təxliyəsi üçün rusiyalı hərbçilərlə danışıqlar aparılır. 

***14:30

Rusiya texnikası Ukraynanın Slavutiç şəhərinin ərazisinə daxil olub.

“Unikal” UNİAN-a istinadən xəbər verir ki, dünəndən Rusiya qoşunlarının şəhəri atəşə tutması barədə məlumatlar yayılırdı və şahidlərin sözlərinə görə, artıq onlar Slavutiç ərazisinə daxil olublar. Lakin onların yerli hökumət binasına basqın edib-etmədikləri məlum deyil.

Sosial şəbəkələrdə də Rusiya tanklarının hərəkət etdiyi video yayımlanıb. Hadisə şahidlərinin lentə aldığı kadrlarda insanlar istiqamətində atəş açıldığının səsləri eşidilir.

Yüzlərlə vətəndaş hələ səhər saatlarından Ukraynanın böyük bayrağını açaraq şəhərin mərkəzində etiraz aksiyası keçirib.

Kiyev Regional Hərbi İdarəsinin rəisi Oleksandr Pavlyuk səhər saatlarında rus qoşunlarının havaya atəş açdığını və insan izdihamı olan yerlərə səs qumbaraları atdığını bildirib.

O əlavə edib ki, rusiyalı hərbçilər şəhər meri Yuri Fomiçevi qaçırıblar. Şəhər şurası öz işini davam etdirir.