Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukraynanı qorumalı olacağını bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə Qətərin paytaxtında keçirilən Doha Forumunda siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayına toxunub.
Zelenski çıxışına Qətəri salamlayaraq deyib: “Sizə bildiyiniz kimi müraciət etmək istəyirəm. Əssəlamu aleykum. Bu sözlər sülh mənasını verən əsas dəyərlərdir və indi Ukraynada bunlar yoxdur. Çünki Rusiya Ukraynanı işğal edib müstəmləkəsi altına almağa qərar verdi. Gəlib özlərinin olmayanı aldılar, köhnə imperiyalardakı kimi. Rusiya Ukraynadan 28 dəfə böyükdür və dünyanın ən böyük ölkələrindən biridir. Amma bu, onlar üçün kifayət deyil. Rusiya administrasiyası bizim torpağımızı almaq və insanlarımızı fəhlə kimi istifadə etmək istəyir. Amma 31 gündür ki, Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir.
Rusiya Ukraynanı aldıqdan sonra dayanacaqmı? Müstəmləkəçilərin tələbləri heç vaxt bitməz. Rusiya sülh içində yaşanmayan dövrlərin geri qaytarılmasını istəyir. Siz xalqınız arasında ədalətin olmasını təmin etmək üçün əlinizdən gələni edirsiniz, lakin biz 31 gündür ədalət axtarırıq. Birləşmiş Millətlər Təşkilatının köməyini yüksək qiymətləndirirəm, lakin bu, ədalətli deyil. Rusiyanın Ukraynaya etdiyi ədalətsizlikdir. Nüvə silahı ilə qorxudur və hədələyirlər”.