Avropa İttifaqının xarici işlər nazirləri Ukraynaya hərbi dəstək üçün istifadə edilən fonda daha 2 milyard avro ayırmaq barədə razılaşıblar.
"Unikal" xəbər verir ki, bu barədə razılıq bu gün Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin iclasında qəbul olunub.
"Şura bu gün Avropa Sülh Mexanizminin (European Peace Facility) maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə siyasi razılaşma əldə edib. Razılaşmaya əsasən, Avropa Sülh Mexanizminin fondunun 2023-cü ildə 2 milyard avro artırmaq qərara alınıb və sonrakı mərhələdə daha da artım ehtimalı var".
2027-ci ilə qədər ümumi fondun 5,5 milyard avroya qədər artacağı gözlənilir.
"Bugünkü qərar tərəfdaşlarımızın silahlı qüvvələrinə konkret hərbi dəstəyi davam etdirmək üçün maliyyəmizin olmasını təmin edəcək. İki ildən az bir müddət ərzində Avropa Sülh Mexanizmi öz vacibliyini sübut etdi. Bu, müdafiə sahəsində tərəfdaşlarımızı dəstəkləmə tərzimizi tamamilə dəyişdi. Bu, Aİ və onun tərəfdaşlarını daha güclü edir", Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell deyib.