Məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, islah prosesinin və sosial adaptasiyanın gücləndirilməsi məqsədilə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə müxtəlif tədbirlər təşkil edilir.

"Unikal" xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar üçün “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində 100-dən artıq məhkumla psixoloji seminar, 15 məhkum üçün yoqa, 10 məhkuma ebru sənəti üzrə təlimlər təşkil edilib.

Qadın məhkumlarla təşkil olunmuş psixoloji seminarda insan davranışları üzrə mütəxəssis tərəfindən hissləri, duyğuları, düşüncə və davranışları idarə etməklə bağlı maraqlı məlumatlar verilib, onlara seanslar keçirilib.

Daha sonra yoqa üzrə mütəxəssislər tərəfindən qadın məhkumlar üçün yoqa təlimi təşkil edilib. Ebru sənəti üzrə mütəxəssis isə qadın məhkumlara su üzərində naxışlar çəkməyin xüsusi texnikalarını göstərib.