Xəbər verdiyimiz kimi, İqtisadiyyat üzrə builki Nobel mükafatı Daron Acemoğluna verilib. O,  bu mükafatı alan üçüncü türk vətəndaşıdır. 

"Unikal" Daron Acemoğlunun həyatını təqdim edir:

Türkiyə vətəndaşı olan Kamer Daron Acemoğlu  amerikalı iqtisadçıdır.  Acemoğlu xüsusilə siyasi iqtisadiyyat, iqtisadi artım və inkişaf sahəsindəki işləri ilə dünya miqyasında tanınır.

Türkiyədə təhsilə başladıqdan sonra bakalavr təhsilini London İqtisadiyyat Məktəbində, daha sonra ABŞ-də Massaçusets Texnologiya İnstitutunda (MIT) İqtisadiyyat Departamentində doktorluq dərəcəsini bitirmişdir. MIT-də iqtisadiyyat professoru kimi fəaliyyətini davam etdirir.

Acemoğlunun politoloq Ceyms A.Robinsonla birgə yazdığı və böyük diqqət çəkdiyi əsərlərindən biri də “Millətlər niyə uğursuz olur” kitabıdır. Kitabda iddia edilir ki, ölkələrin iqtisadi rifah səviyyələrindəki fərqlərin əsas səbəbi siyasi və iqtisadi institutların strukturudur. Acemoğlunun işi böyük diqqəti cəlb edib və siyasətçilər, alimlər və qlobal təşkilatlar tərəfindən müzakirə obyektinə çevrilib.

Bir çox mükafatların sahibi olan Acemoğlu müasir iqtisadiyyatın ən nüfuzlu mütəfəkkirlərindən biri hesab olunur.

Acemoğlunun həyatı  

1967-ci ildə İstanbulda anadan olub. O, erməni əsillidir. Atası vəkil Kevork Acemoğludur. İlk təhsilini İstanbulun Kadıköydəki Aramyan Uncuyan Erməni İbtidai məktəbində başa vurduqdan sonra 1986-cı ildə Qalatasaray Liseyini bitirib.

O, İngiltərənin York Universitetində Riyazi İqtisadiyyat və Ekonometriya üzrə bakalavr (1989); London İqtisadiyyat Məktəbində magistr (1990) və doktorluq (1992) dərəcələrini alıb. 1992-1993-cü illərdə London İqtisadiyyat Məktəbində dərs deyib. 1993-cü ildən ABŞ-də Massaçusets Texnologiya İnstitutunda (MIT) akademik karyerasını davam etdirir. 2000-ci ildə iqtisadiyyat professoru, 2019-cu ildə isə institut professoru adını alıb ki, bu da universitetdə professor-müəllim heyətinə verilə biləcək ən yüksək addır.

Acemoğlu oyun və optimallaşdırma nəzəriyyəsi ilə bağlı araşdırmaları ilə tanınan Asuman Özdağlar ilə evlidir və cütlüyün Arda və Aras adlı iki oğlu var.

Gülayə Mecid