Son günlər Tbilisidə Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyalarında 200-dən çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Səbəblər xırda xuliqanlıq, həmçinin polisə müqavimət və itaətsizlik olub.

"Ümumilikdə İnzibati Xətalar Məcəlləsinə əsasən 224 nəfər həbs edilib. 98 nəfərin inzibati işinin materialları Tiflis Şəhər Məhkəməsinə verilib, onlardan 74 nəfərin işi üzrə icraat yekunlaşıb. Tamamlanmış 74 işdən 36-sı cərimələnib. 34 nəfər barəsində inzibati həbs tətbiq edilib", - deyə məlumatda bildirilir.

 ***09:03

Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən sıxışdırıblar, bundan sonra onlar etirazçıları kütləvi şəkildə saxlamağa başlayıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi təyinatlılar bütün gecəni etirazçıları Rustaveli prospektində saxlayıb, onların parlamentə qayıtmasına mane olub.

Səhər saatlarında hüquq-mühafizə orqanları bir neçə etirazçını saxlayıb.Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb.

Xatırladaq ki,  noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir.

Gülayə Mecid