İspaniyanın paytaxtı Madriddə Ukrayna Prezident Administrasiyası rəhbərinin keçmiş birinci müavini Andrey Portnov güllələnib.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Portnov uşaqlarını məktəbə apararkən naməlum şəxs ona atəş açıb. O, döş qəfəsindən dörd, başından isə bir güllə yarası alıb.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, 51 yaşlı Portnov Luqansk vilayətində anadan olub, hüquqşünas işləyib, 2006-cı ildə isə Ukrayna Ali Radasının xalq deputatı seçilib. Yuliya Timoşenko 2010-cu il prezident seçkilərində məğlub olduqdan sonra məhkəmədə onun maraqlarını müdafiə edib. 2011-ci ildə o, prezident Viktor Yanukoviçin müşaviri təyin edilib, "Maydan" etirazları zamanı Yanukoviçlə birgə siyasi böhranın həlli üzrə işçi qrupunun üzvü olub. Portnov 2015-ci ilin əvvəlində Ukraynanı tərk edib və xaricdə yaşayıb.
Gülayə Mecid