Parlamentdə qalmaqallı büdcə müzakirəsi
11:45 15-11-2012
İQTİSADİYYAT
Parlamentdə qalmaqallı büdcə müzakirəsi
İcra strukturları sərt tənqid olunur
Milli Məclis dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsi ilə bağlı müzakirələri davam etdirir.
Əməkdaşımızın parlamentdən verdiyi məlumata görə, bəzi nazirlər ötən iclasda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədovun onlara ünvanladığı ittihamdan nəticə çıxararaq müzakirələrə qatılıblar.
Milli Məclisin iclasında 10-a yaxın nazir iştirak edir. Maliyyə naziri Samir Şərifov, təhsil naziri Misir Mərdanov, ədliyyə naziri Fikrət Məmmədov, sənaye və energetika naziri Natiq Əliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, gənclər və idman naziri Azad Rəhimov, nəqliyyat nazirinin müavini Musa Pənahov, Milli Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev bu sıradan olan məmurlardır.
Baş nazir Artur Rasizadə isə iclasda iştirak etməyib.
Parlamentdə büdcə müzakirələri davam edir. Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
3. "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında;
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında.
Qeyd edək ki, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin ilkin layihəsində gəlirlər 19 154 mln. manat, xərclər 19 810 mln. manat, kəsir isə 656 mln. manat səviyyəsində nəzərdə tutulub.
Qənirə Paşayeva jurnalistləri dəstəklədi
Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva ipoteka kreditləri ilə bağlı yaranan problemlərdən şikayətlənib. İpotekanın heç bir halda orta təbəqəyə kömək etmədiyini bildirən deputat kredit şərtlərinin sadələşdirilməsini təklif edib.
Daha sonra millət vəkili jurnalistlərimn ev probleminə toxunaraq, onların da ipotekadan yararlana bilmədiklərini deyib.
Milllət vəkili müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı məsələnin açıq qaldığını dilər gətirib. Deputat məsələnin həllinin vacib olduğunu vurğulayıb.
Bundan başqa Q.Paşayeva işğal olun Azərbaycan əraziləri ilə bağlı yol kənarlarında nişanların qoyulmamasından şikayətlənib. Deputatın sözlərinə görə, Qarabağ bölgəsində işğal olunmuş rayonlar haqda yol nişanları quraşdırılmalıdır.
Qənirə Paşayeva Milli Məclisin Uruqvay dövlətinə və Parlamentinə etiraz müraciəti göndərməsini təklif edib. Buna səbəb Uruqvay parlamentinin spikeri Xorxe Orikonun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etməsi olub.
Qənirə Paşayeva deyib ki, Uruqvay parlamentinin sədri Azərbaycanın ərazi bütövlüyünə çox böyük hörmətsizlik nümayiş etdirib.
“Uruqvay parlamentinin spikeri Azərbaycanın Ermənistanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejiminin rəhbəri ilə görüşüb və bu, Azərbaycanın ərazi bütövlüyünə böyük bir hörmətsizlik olmaqla yanaşı, beynəlxalq təşkilatların qərar və qətnamələrinə ziddir.
Qənirə Paşayeva bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı Uruqvaya nota verməsi ilə bərabər, Azərbaycan Parlamentinin Uruqvay Parlamentinə etiraz müraciəti göndərməsi vacib və önəmlidir . O, deyib ki, Milli Məclis mütləq bununla bağlı öz etirazını Uruqvay dövlətinə bildirməlidir: "Azərbaycan parlamentinin bununla bağlı etiraz müraciəti göndərməsini təklif edirəm".
Deputat icra
başçılarını tənqid etdi
Çıxış edən millət vəkili Elmira Axundova rayonlarda aparılan bir sıra yenidənqurma və tikinti işlərini tənqid edib. O, dövlət büdcəsi xərclərinin qənaətli sərf olunmasının vacibliyini vurğulayıb. Millət vəkili çıxış edərək bildirib ki, rayonlarda yeni təyin olunmuş icra başçıları özbaşına olaraq bazarları, evləri, hətta Heydər Əliyev Mərkəzlərini söküb yenidən tikirlər.
“Guya ki, təmir edirlər. Buna əslində ehtiyac yoxdur. Bu büdcə vəsaitlərinin dağıdılması hesabına başa gəlir. Onların yenidən təmir olunması büdcəyə ziyan vurur”, – deyə E. Axundova qeyd edib.
O, daha sonra deyib: "Bakıda tez-tez yeni salınmış asfaltın təzədən qazılaraq su, kanalizasiya xətlərinin çəkilməsi və digər işlərin aparılmasının şahidi oluruq". E.Axundova qeyd edib ki, bu məsələlər Bakıda vahid idarəçiliyin olmaması səbəbindən baş verir.
"Hər bir sahəyə müvafiq qurum baxır və belə çıxır ki, Bakı şəhər İcra Hakimiyyəti hansısa bir işi görmür", - deyə o, bildirib.
Yolların hasarlanması ilə bağlı məsələsinə də toxunan millət vəkili bildirib ki, bu hasarların arxasında çox kobud binalar gizlənir. E.Axundovanın sözlərinə görə, bu binaları gizlətməklə problemləri həll etmək olmaz, hasarlamaq əvəzinə bu binaları, evləri abadlaşdırmaq lazımdır.
Millət vəkili Bakıda zibil zavodunun tikilməməsindən də narazılıq edib. O bildirib ki, neçə ildir təklif olunsa da, zibil zavodu tikilmir. “Son illərdə 3 dəfə iqtisadi inkişaf naziri dəyişib. Amma bu zavod indiyə qədər tikilməyib”.
Deputat müəllimlərin əmək haqlarının qaldırılmasının da vacibliyini vurğulayıb.
Bundan başqa, millət vəkili son zamanlar Bakı şəhərində yaranan mənzil probleminə diqqət yetirərək bildirib ki, dövlət bu işə müdaxilə etməlidir. O, dövlət tərəfindən ucuz mənzillərin tikilməsini təklif edib. E. Axunova qeyd edib ki, belə evlər gənc ailələrə verilə bilər.
E. Axundova bildirib ki, korporativ qanunlar nəzərə alınsa da, sosial, ekologiya sahəsində ciddi problemlər olur. O, misal olaraq həbsxanalardakılar üçün reabilitasiya mərkəzlərinin tikilməməsini göstərib. “Bütün bunların olması vacibdir”.
Abel Məhərrəmov əmək haqlarının artırılmasını istədi
Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov müəllimlərin əməkhaqqlarının artırılması məsələsinə toxunub.
Deputat müəllimlərin məvaciblərinin azlığından gileylənərək, onların əməkhaqlarının artırılmasını vacib sayıb. O, qeyd edib ki, ali məktəblərdə çalışan müəllimlərim fəaliyyətinin stimullaşdırılması üçün əməkhaqqlarının artırılması vacib məsələyə çevrilib. Deputat həmçinin bu məsələyə yenidən baxılmalı olduğunu vurğulayıb.
Milli Məclisin büdcə ilə bağlı keçirilən iclasında nəhayət millət vəkili İqbal Ağazadə çıxış edə bilib və gələn ilin dövlət büdcəsini ciddi tənqid edib.
Təhsil sahəsindəki xərcləri təniqd edən deputat bildirib ki, təhsil sahəsində adambaşına cəmi 174 manat düşür. Bu da ki heç bir halda təhsil xərclərini ödəyə bilməz. İ.Ağazadə həmçinin Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyinin məktəblərdə 24 saatdan artıq dərs deməyi qadağan etməsini də pisləyib. O, bildirib ki, məktəblərdə müəllimlərə 24 saatdan artıq dərs demək qadağan olunub, amma bu yaxşı hal deyil.
“24 saat dərs yükü cəmi 160 manat pul edir. Bəs bu pula müəllim necə yaşaya bilər? Kiminsə əlavə 45 saat dəsi olsa da, bu pullar ona ödənilmir”-deyə, deputat hökümətdən bu məsələyə aydınlıq gətirilməsini tələb edib.
Daha sonra çıxışını kəskinləşdirən İ.Ağazadə olimpiya çempionlarına anlaşılmaz dərəcədə mükafat verilməsini pisləyib.
“Azərbaycanda olimpiya çempionlarına 400 min manat mükafat verilir. Bu isə orta məktəblərdə dərs deyən müəllimin 198 illik əməkhaqqıdır. 2013-cü ilin dövlət büdcəsi layihəsinin parlament müzakirələrində danışan qubalı deputat Yevda Abramov deyib: “Azərbaycan bazarlarında xarici ölkələrdən gələn almalar satılır, baxmayaraq ki, ən gözəl alma Qubada yetişir. Gömrük rüsumlarını artırmaqla Quba almasının şöhrətini artırmaq olar. İxracı stimullaşdırmaq lazımdır. Qubada iş yerləri əsasən konserv zavodları üzərində cəmlənmişdi. Bir zavodda mövsüm ərzində 1500 nəfər işləyirdi. İndi o zavodların heç biri işləmir”.
Milli Məclisin sədri Oqtay Əsədov deputatın çıxışına belə reaksiya verib: “Qubanın özündə almanın qiyməti Bakıdakından bahadır. Bu məsələ barədə də düşünmək lazımdır, çünki bazar iqtisadiyyatıdır. Zavod niyə işləmir, İqtisadi İnkişaf Nazirliyi bunu araşdırsın”.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00