Gürcüstan və Çin nəinki Rusiya Federasiyasına (RF) qarşı beynəlxalq iqtisadi sanksiyaları dəstəkləmədilər, əksinə, gizli şəkildə işğalçı ölkəyə sanksiyalardan yan keçməyə kömək edirlər.
"Unikal" xəbər verir ki, "Bloomberg" agentliyinin dərc etdiyi materialda qeyd olunub ki, "Çində Rusiya təbii qazını gizli şəkildə almağa hazırlaşırlar, Gürcüstanda hərbi qaçaqmalçılığa göz yumurlar".
"Mayeləşdirilmiş təbii qazın ən böyük idxalçısı olan Çin, Rusiyadan əlavə tədarük imkanlarını nəzərdən keçirir. Onlar digər dövlətlərin işğalçı ölkələrdən enerji almaqdan yayınmağa çalışması fonunda güzəşt əldə etmək istəyirlər. Eyni zamanda, danışıqlar gizli şəkildə aparılır - Çin onları Qərb hökumətlərindən gizlətmək istəyir", - agentlik bildirir.
Gürcüstana gəlincə, burada vəziyyət daha pisdir. Ukrayna kəşfiyyatının məlumatına görə, Gürcüstan Rusiyaya hərbi qaçaqmalçılığı təşkil etməyə kömək edir: "Sanksiyaların tətbiqi səbəbindən Rusiya Federasiyası geniş çeşiddə hərbi, ikili təyinatlı və mülki malların tədarük imkanını itirdi. Sanksiyalardan yan keçmək üçün rus agentləri qaçaqmalçılıq kanalları yaradırlar. Eyni zamanda, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələrinə siyasi rəhbərlik tərəfindən qaçaqmalçıların fəaliyyətinə mane olmamaq tapşırılıb".
Ağarza Elçinoğlu