2-3 il əvvəl dünyada maliyyə analitikləri “neft dövrünün tənəzzülü” barədə müzakirələr aparırdılar. Koronavirus əleyhinə tədbirlər fonunda enerji daşıyıcısının qiyməti günü-gündən ucuzlaşırdı. Lakin Rusiyanın Ukraynaya hücumu, ardınca Rusiya neftinə qarşı sanksiyalar və dünyanın əksər ölkələrində pandemiyadan sonrakı iqtisadi canlanma “qara qızıl”a marağı yenidən artırdı.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Bildirilir ki, neftin bir barelinin qiyməti keçən ilin birinci yarısında 100 dollardan çox olub, mart ayında “Brent” markalı neftin bareli 139 dollara satılıb. İlin ikinci yarısında qiymət 70-95 dollar diapazonunda dəyişib.
Nəşrin məlumatına görə, Qərbin beş ən böyük neft şirkəti – “ExxonMobil”, “Shell”, “Chevron”, BP və “Total” ötən il rekord məbləğdə - 196 milyard dollar mənfəət əldə edib.
“ExxonMobil” şirkətinin 2022-ci il üçün gəlirləri təkcə şirkətin özü üçün rekord deyil, ümumilikdə onun gəlirləri tarixdə bütün Avropa və ya Amerika neft şirkətinin nəticələrindən çox olub. BP-nin 28 milyard dollarlıq mənfəəti şirkətin 114 illik fəaliyyətinin ən yüksək göstərici olub, “Shell”in qazancı isə əvvəlki ilə nisbətən iki dəfə artıb.