"Beynəlxalq futbol və idman ictimaiyyəti “Qarabağ”dan danışır".
"Unikal" xəbər verir ki, bunu FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov AFFA-nın Konfransında deyib.
Elxan Məmmədov Bakıda tikilən yeni meydançalardan danışıb: "O vaxtı Bakıda iki stadionumuz var idi. 16 il ərzində Bakı şəhərində infrastruktur yarandı, “Dalğa Arena”, “Bakcell Arena”, “Bayıl Arena”, bazalar, məşq stadionları. Bu təşəbbüsə klublar da qoşuldu. Cənab prezident də dəstəyini göstərdi. Dövlət və AFFA, klublar tərəfindən inşa edilmiş meydançalardan indi də 100 faiz istifadə edilir. Son iki ildə beynəlxalq təcrübə qazanıram. Xarici ölkələrə gedəndə görürəm ki, inşa edilmiş stadionlardan istifadə edilmir. Amma bizdə nə inşa olunubsa, maksimum istifadə edilir".
Departament direktoru Ağdam klubunun Avropa arenasındakı uğurlarından da bəhs edib: “Qarabağ”ı təbrik edirəm. Tarix yazdıq. Əvvəlki illərdə püşkatmadan əvvəl danışırdıq ki, nisbətən zəif rəqib düşsün. Amma indi həmin komandalar müzakirə edirlər ki, “Qarabağ” qarşımıza çıxmasın. “Qarabağ” sürpriz edən komandadır. Stabilliyi sübut etdi. Vaxtilə “Neftçi” qrup mərhələsində çıxış etdi, daha sonra “Qəbələ” ardıcıl iki il qruplarda oynadı. Ardınca “Qarabağ” daim Avropanın rezidenti oldu. Milli hələlik bizi çox da sevindirmir. Amma klublarımız inkişaf etsə, yaxın gələcəkdə milli final mərhələsində iştirak edəcək. Beynəlxalq arenada Azərbaycan futbol ölkəsi kimi tanınır".
O, Peşəkar Futbol Liqasının rəhbərliyinə də təşəkkürünü bildirib: "PFL rəhbərliyinə də təşəkkür edirəm. Təəssüflər olsun ki, iki nümayəndəsi burada yox, xəstəxanadadır. Onlara şəfa arzulayıram. Ümid edək ki, yaxın gələcəkdə ikisi də kubokun finalında səhnədə olaraq qalibə medallarını təqdim edərlər".