Saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  "Unikal"a verilən məlumata görə, iyunun 22-si saat 14:00-a olan məlumatına əsasən, əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 23-dək davam edəcək.

***11:36

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar İsmayıllı rayonu ərazisindən axan Göyçayda, Girdımançayda, Ağsu rayonu ərazisindən axan Ağsuçayda, Qobustan rayonu ərazisindən axan Pirsaatçayda sululuğun artımı davam edir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, digər çaylarda nisbətən azalma müşahidə olunur.

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçməsi davam edir: "Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".

***10:50

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-i saat 10:00-a olan məlumatına əsasən, iyunun 22-si günün birinci yarısında ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı aylıq normanın 20 faizini təşkil edib: “Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Hazırda zəif şimal-şərq küləyi əsir.”

G.Məmmədovanın sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 27-32 dərəcə isti, çimərliklərdə dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

***08:51

İyunun 22-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Şəki rayonu ərazisindən axan Kişçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan və Qobustan rayonu ərazisindən axan Ceyrankeçməzçaydan sel keçib.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətının Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçir.

O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.