Zaqatalanın Muxax kəndi ərazisində iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, Muxax kənd sakini 50 yaşlı Rəhim Laçınovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd Matiyevin idarə etdiyi digər “Mersedes” markalı minik avtomobili toqquşub. Nəticədə Rəhim Laçınovun idarə etdiyi “Mersedes” idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Zərbənin təsirindən avtomobilin sürücüsü Rəhim Laçınov, eləcə də avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri 27 yaşlı Fuad Süleymanov, 36 yaşlı Asif Əhmədov və 63 yaşlı Nizaməddin Əminov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxananın cərrahiyyə korpusuna yerləşdirilib. Hər dörd nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar rayon polis şöbəsində araşdırmaya başlanılıb.
*** 15:29
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var.
"Unikal" xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobillləri toqquşub. Qəza nəticəsində xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər .
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Seymur Əli