Mütəmadi olaraq Rusiyanın təbliğat kanallarında çıxış edən rusiyayönlü politoloq Mixail Poqrebinski saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Politoloqun oliqarx və Putinin dostluq münasibətləri saxladığı xaç atası Viktor Medvedçukla yaxın münasibətlərinin mövcud olduğu deyilir.
Mixail Poqrebinski dövlətə xəyanətdə və qanunsuz varlanmada şübhəli bilinir.
Xatırladaq ki, martın 26-da hüquq-mühafizə orqanları Poqrebinskinin Kiyevdəki mənzilində axtarış aparıb. Müstəntiqlər bildiriblər ki, Poqrebinskinin rəhbərlik etdiyi Kiyev Siyasi Tədqiqatlar və Konfliktologiya Mərkəzi davamlı olaraq Ukrayna cəmiyyətinin əhval-ruhiyyəsini öyrənir və alınan məlumatlar Ukrayna ilə bağlı siyasətin planlaşdırılması üçün Rusiya rəhbərliyinə ötürülür. Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Poqrebinski Ukraynaya qarşı xüsusi informasiya əməliyyatları ilə bağlı Rusiya Federasiyasına məsləhətlər hazırlayıb göndərib.
Həmçinin bildirilib ki, Poqrebinskidə aparılan axtarışlar zamanı “Ukraynalıların guya 46%-nin Rusiya prezidenti Vladimir Putini dəstəklədiyi” sorğularının nəticələri üzə çıxıb. Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə "dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmlakı mənimsəmə, mənimsəmə və ya saxlama" ilə bağlı cinayət işi açılıb.
Mixail Poqrebinski kimdir?
Mixail Poqrebinski 1946-cı ildə Kiyevdə anadan olub. 1989-cu ildən seçki kampaniyalarında rəhbər və məsləhətçi kimi iştirak edib. 1993-cü ildə o, Kiyev Siyasi Tədqiqatlar və Konfliktologiya Mərkəzini yaradıb, ictimai-siyasi sahədə araşdırmalar və məsləhətləşmələrlə məşğul olub, bütün müddət ərzində onun direktoru olub. 2002-2004-cü illərdə o, Prezident administrasiyası rəhbəri Viktor Medvedçukun müşaviri olub. 2004-cü ildə prezidentliyə namizəd Viktor Yanukoviçin seçki qərargahının müşaviri olub. 2012-2014-cü illərdə Viktor Medvedçukun "Ukrayna seçimi" ictimai hərəkatı ilə fəal əməkdaşlıq edib.
R. Yaquboğlu