Ağsu rayonunda yeni suvarma kanalı çəkilir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən 2023-ci il ərzində planların yerinə yetirilməsi istiqamətində bir sıra işlər görülür. Belə ki, ilin əvvəlindən indiyə kimi plan çərçivəsində təsərrüfatlararası və təsərrüfatlardaxili suvarma kanalları 130 min m3 həcmdə lildən təmizlənib. Bundan başqa Ağsu Maşınqolu kanalında betonla üzləmə üçün hazırlıq işləri görülür. Barmi kanalına paralel olaraq isə yeni kanal çəkilir. Bununla da kanal ətrafında yerləşən ərazilərdə əkin sahələrinin suvarılması yaxşılaşır.
Yeni çəkilən kanal şoranlaşma təhlükəsini də aradan qaldıracaq. Bununla yanaşı suvarma suyu maneəsiz və itkisiz olaraq əkin sahələrinə çatacaq.
Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən sel və daşqınlara qarşı mübarizə məqsədi ilə Ağsuçay, Girdimançayda və Nazirçayda 7 min m3 çay məcrası təmizlənib, hidrotexniki qurğulardan 15 ədədi cari və əsaslı təmir olunub. Sel suları nəticəsində çaylarda yaranmış təhlükəli vəziyyətlər idarənin texnikaları vasitəsilə aradan qaldırılıb. Nasos stansiyasında təmir işləri ardıcıl olaraq aparılır. Bunun nəticəsi olaraq rayonun bütün kəndlərinin suvarma suyu ilə təminatında olan çətinliklər aradan qaldırılıb. Su təminatında Ağsuçaydan, Girdimançaydan, Yuxarı Şirvan kanalı və onun Maşınqolu kanalından və eləcə də ehtiyyat su mənbəyi olan Cavanşir su anbarından istifadə edilib. Bundan başqa Subartezian quyularında cari təmir işləri aparılıb, sıradan çıxmış mühərriklər yenisi ilə əvəz olunur. Eyni zamanda Bəyimli kəndində 1 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub.
Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi 37000 hektardan artıq suvarılan torpaq sahələrinə xidmət edir. Bu sahələr 974 km uzunluğunda olan kanallar vasitəsilə suvarılır. Bundan başqa idarənin balansında 33 ədəd subartezian quyusu və 2 ədəd nasos stansiya da mövcuddur.