Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan qablaşdırılmış sularla bağlı ciddi xəbərdarlıq edib.
Bu barədə AQTA-dan "Unikal"a daxil olan açıqlamada bildirilib.
Belə ki, AQTA ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Bildirilir ki, həyata keçirilən yoxlama nəzarət tədbirləri zamanı son vaxtlar bir sıra hallarda mərkəzləşdirilmiş su xəttindən verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozaraq üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə “təbii”, “mineral”, “müalicəvi” sözləri yazılmaqla satışa çıxarılması faktları aşkarlanıb. Bu xüsusda ötən həftə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən “Araz su” içməli su emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilmiş və qanunsuz fəaliyyətin qarşısı alınmışdır. Həmçinin aparılan nəzarət tədbirləri çərçivəsində "ÇEMP Su" və "Çuxuryurd İstisu" əmtəə nişanlı qablaşdırılmış sularda müvafiq qanunun tələbləri pozularaq “təbii”, “mineral”, “müalicəvi” və s. sözləri yazılmaqla satışa çıxarıldığı müəyyən olunub:
"Hazırda bununla bağlı Agentlik tərəfindən qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilməkdədir.
AQTA bu cür məhsulların satışı ilə məşğul olan ticarət şəbəkələrinə xəbərdarlıq edərək bildirir ki, həmin məhsulların satışı dərhal dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan həmin suları istehlak etməmək, bu kimi hallarla rastlaşdıqda dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur".