Bu gün Azərbaycanın Milli Qəhrəman İlqar Mirzəyevin doğum günündə xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
"Unikal" xəbər verir ki, ilk öncə Fəxri Xiyabanda Qəhrəmanın məzarı ziyarət olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin, Hüquq-mühafizə orqanlarının nümayəndələri, Xalq artisti-şəhid atası Əli Nur, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevlə bütün azərbaycan xalqı fəxr edir. Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də düşmənin yenidən başladığı təxribatlar ona baha başa gəldi. Ermənistan ordusu diz çökdürüldü, ölkənin siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Daha sonra çıxış edənlər İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlığından danışılıb, haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Daha sonra qəhrəmanın adını daşıyan 98 saylı tam orta məktəbdə şəhidlərimizin xatirəsinə ağaclar əkilib və anım tədbiri keçirilib.
Anım tədbirində əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və başqaları çıxış edərək İlqar Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərdən, Vətən, torpaq sevgisinin bu şanlı Qələbədə rolundan geniş bəhs ediblər. Bildiriblər ki, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Azərbaycan Ordusu Ermənistanı diz şökdürdü, illərdir yaradılan “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, 30 ilin işğalına 44 gündə son qoydu. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Bu gün İlqar Mirzəyev kimi vətənpərvər oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız tarixi sahibinə qovuşub, xalqımız yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya bəyan edib.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompazisiya təqdim olunub və Milli Qəhrəman İlqar Mirzəyevə həsr olunmuş film nümayiş etdirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.