Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik illəri bizim bir xalq kimi özümüzü dünyaya tanıtmağımızda, formalaşmağımızda, dövlətimizin dünyanın siyasi səhnəsində öz yerini möhkəmləndirməsində müstəsna rol oynayıb. Bu illərdə Azərbaycan çox böyük naliyyətlərə imza atıb, bir əsrdə ikinci dəfə öz müstəqilliyini qazanıb. Lakin bu müstəqilliyi əbədi və dönməz etmək məhz dahi siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olub. Ona görə də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin tamamında biz tariximizdə əvəzsiz yeri olan böyük epoxanı görürük. Bu epoxada Azərbaycan xalqına Heydər Əliyevin miras qoyduğu misilsiz sərvət var. Bu irsin əsas meyarı isə yenə də müstəqillikdir. Ulu öndər haqlı olaraq deyirdi ki, “müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir”.
Müasir tariximiz çox çətin mərhələlərdən keçsə də 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın ictimai-siyasi həyatında yaranan dərin boşluğu doldurdu. Uzun illərdən sonra itkilərdən cana yığılan, başı çörək və torpaq hayına qarışan xalq ilk dəfə dərindən nəfəs almağa başladı. Çünki insanlar inanacağı liderinə qovuşdu, xalq əsl rəhbərini tapdı. Ulu öndər əminlikdə deyirdi ki, “Azərbaycan bu ağır vəziyyətdən çıxacaq, torpaqlarımız geri qaytarılacaq, müstəqil Azərbaycan Respublikası dünya birliyində bundan sonra da layiqli yerini tutacaq və öz taleyinin sahibi olacaq”.
Heydər Əliyevin müstəqilliyin ilk illərində ölkədə başlatdığı quruculuğun izləri hələ sovet dövrünə gedib çıxırdı. 1969-cu ildən onun sovet Azərbaycanına rəhbərliyə başlaması ilə ölkədə inkişafın təməlləri atılmışdı. O dövrdə dənizdə illər sonra müstəqil Azərbaycanın yeni neft strategiyasının təməli olacaq “Azəri-Çıraq-Günəşli” yataqları istismara buraxıldı. 1969-1982-ci illərdə respublikada 8 yeni zəngin yataq aşkarlandı. Artıq 80-ci illərin əvvəllərində neftin sənaye istehsalı 3 dəfə, qazın sənaye istehsalı isə 2 dəfə artmışdı. Heydər Əliyev Bakıda Dərin Özüllər zavodunu tikdirmişdi, Kür suyunu paytaxta gətirmişdi, Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan su anbarı, təmizləyici qurğular kompleksi və magistral su kəmərlərini inşa etdirmişdi. Artıq 1974-cü ildə respublikada 500 min ton pambıq yığılırdı. Sonrakı illərdə bu göstərici orta hesabla 800-850 min tona çatdı. Əgər 1970-ci ildə 250 min ton üzüm yığılmışdısa qısa müddətdə bu 2 milyon tona çatdı. 1980-1981-ci illərdə 1 milyon 600 min ton taxıl istehsal edilmişdi. Azərbaycanın energetika müstəqilliyi təmin olunmuşdu, yeni sənaye məssisələri istifadəyə verilmişdi. O illərdə Heydər Əliyev Azərbaycanda əvvəllər heç vaxt analoqu olmayan Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin əsasını qoymuşdu. Ulu öndər 70-ci illərin əvvəlindən başlayaraq gənclərin oxumaq üçün keçmiş ittifaqın ali məktəblərinə göndərilməsinin də təşəbbüskarıdır.
Azərbaycan tarixində keyfiyyətcə yeni dövrün başlanması ilk növbədə Kremldə Azərbaycana və azərbaycanlılara münasibəti kökündən dəyişmişdi. Digər tərəfdən də qısa vaxtda xalq Heydər Əliyevi praqmatik, dərin bilikli, məntiqli, cəsarətli, inadcıl, həyata keçirməyə çalışdığı ideyaların uğrunda əzmlə mübarizə aparan prinsipial rəhbər kimi tanımışdı. Mərkəzi Komitədə tez-tez keçirilən toplantıların hər biri bir hadisə idi və bu tədbirlər Azərbaycanın həyatında inqilabi dəyişikliklərlə müşayiət olunurdu.
O illərdə ulu öndər xalqla hakimiyyət arasında yaranmış boşluqları aradan qaldırmışdı. Problemlər məngənəsində çabalayan cəmiyyətin özünəinamını bərpa etmişdi. Milli ruhu məhv olmaq təhlükəsindən qoruyaraq dövlət idarəçiliyinə yeni nəfəs vermişdi. Heydər Əliyev hakimiyyət strukturlarına azərbaycanlıların yolunu açmışdı. Azərbaycan elitasının fəaliyyətini respublikanın tərəqqisinə yönəldərək hər bir azərbaycanlının qəlbinə vətənpərvərlik toxumlarını səpmişdi. Heydər Əliyev haqlı olaraq deyirdi ki, “Mənim üçün hər şeydən üstün milli mənliyimdir. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə də mən istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm”.
Ulu öndər Heydər Əliyev totalitar rejimin sərt qaydalarına baxmayaraq, Azərbaycanda yaradıcı insanlara sərbəst düşünmək və düşündüyünü ifadə etmək, milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixini ehtiva edən dəyərlərə aparan yolları tapmaq imkanı vermişdi. Ulu öndər ölkədə milli ruhun dirçəldilməsinə nail olmaqla yanaşı, bütün ziyalıların və xalqın diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdi. O, xalqımızın tarixi keçmişində, mədəniyyət tarixində iz qoymuş böyük şəxsiyyətlərə abidə ucaldır, milli duyğuların güclənməsinə ciddi fikir verirdi. Elə 37-ci ilin amansız repressiyasının əlimizdən alıb gedər gəlməzə apardığı Hüseyn Cavidin nəşini Vətənə gətirəndə də Heydər Əliyev yəqin ki, eyni hissləri keçirirdi. 1982-ci ildə şairin 100 yaşı tamam olanda Heydər Əliyev SSRİ tarixində heç kəsin edə bilmədiyini edib Cavidi Vətənə qaytarmışdı.
Heydər Əlyev bütün bunlara ona görə nail olurdu ki, o başqa rəhbərlər kimi öz xalqının içində düşmən axtarmırdı. Heydər Əliyev bununla doğma Azərbaycana övladlıq borcunu yerinə yetirirdi. O, öz müstəsnalığını aydın həqiqət kimi gələcək nəsillərə ərmağan qoyurdu. Tariximizin ən intensiv inkişaf mərhələsini təşkil edən bu dövrdə yaşananlar bir daha dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadığını sübuta yetirir. Məhz elə bu amil 1982-ci ilin dekabrında Heydər Əliyevin yüksək vəzifəyə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmasına rəvac verdi. Yeni vəzifəsində ilk gündən gərgin iş qrafiki ilə fərqlənən Heydər Əliyev SSRİ-də kənd təsərrüfatının inkişafı və ərzaq proqramına, Baykalyanı və Uzaq Şərq vilayətlərinin yanacaq-enerji bazasının yaxşılaşdırılmasına həsr olunan müşavirələrdə görünür və məsələlərə fəal müdaxiləsi ilə diqqəti çəkirdi. Ümumiyyətlə, SSRİ-dəki nazirliklərdən 20-si Heydər Əliyevin nəzarətində idi. O dövrdə ulu öndər Baykal-Amur magistralının inşasını da başa çatdırır. O, dəfələrlə vacib diplomatik tapşırıqlarla Misirdə, Suriyada, Livanda, Pakistanda, İordaniyada və İraqda olur. 1983-cü ildə Vyetnama gedən SSRİ nümayəndə heyətinə də Heydər Əliyev başçılıq edir. O, fəaliyyətinin bu dövrünü belə ifadə edirdi: “Mən on il Moskvada yaşadım, özü də ən yüksək vəzifədə işlədim. Azərbaycan xalqının, müsəlman aləminin tarixində nə keçmiş rus imperiyası dövründə, nə də Sovet İttifaqının hakimiyyəti zamanı o cür zirvəyə çatan azərbaycanlı, müsəlman olmamışdır”.
Lakin Mixail Qarbaçovun SSRİ rəhbərliyinə gəlməsi ilə vəziyyət dəyişdi. Bu dövrdə Qarbaçovun qondarma yenidənqurma siyasəti artıq cəmiyyətdə problemlər yaratmağa başlamışdı. Heydər Əliyev isə haqlı olaraq onun Qazaxıstanla bağlı siyasətini tənqid edir, 1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyada baş verən dəhşətli qəzanın dünya ictimaiyyətindən gizlədilməsinin yolverilməz olduğunu deyirdi. Bu cəsarətli çıxışlar başda Qarbaçov olmaqla çoxlarının xoşuna gəlmirdi. 1987-ci ilin sonlarına doğru Heydər Əliyevə SSRİ rəhbərliyindən gələn təzyiqlər daha da güclənir, elə həmin ilin oktyabrın 19-da Heydər Əliyev istefa ərizəsini təqdim edərək təqaüdə çıxır.
Bundan sonra ermənilərin Azərbaycana qarşı baş qaldıran ərazi iddiaları açıq müstəviyə keçdi. 1990-cı ildə Bakıda qanlı Yanvar hadisəsi baş verdi. Faciədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev mərkəzi hakimiyyəti, Qorbaçovu, Kommunist Partiyasını açıq ittiham edərək bu hadisəni Azərbaycan xalqına qarşı törədilən cinayət adlandırdı. Artıq Moskva ilə bağlarının qırıldığını görən və Vətənə qayıdan Heydər Əliyev doğma Naxçıvana getdi. Əhali Heydər Əliyevi böyük sevinclə qarşıladı. O yenə də sevilirdi, insanların onu qəhrəman kimi qarşılaması bu məhəbbətin nümunəsi idi. Heydər Əliyev üçünsə bu, torpaqla, vətənlə bütövləşmək yolunda mühüm addım oldu.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan tarixində xüsusi əhəmiyyəti ilə seçilən bir sıra qərarlar qəbul olundu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "sovet" və "sosialist" sözləri çıxarıldı, onun Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində həmin iclasda üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və rəsmi olaraq Azərbaycan ərazisində ilk dəfə Naxçıvanda dalğalandı.
Lakin o dövrdə ölkədə siyasi böhran kuliminasiya həddinə çatmışdı. AXC-Müsavat cütlüyünün cəmi 13 ay davam edən hakimiyyəti Azərbaycanı dövlət müstəqilliyini itirmək, ölkəni bölünmək, xalqı isə müsibətlər yaşamaq taleyi ilə üzbəüz qoymuşdu. Ölkə xaos, anarxiya, dərəbəylik, özbaşınalıq girdabında boğulurdu. Sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə gedirdi. Artıq siyasi proseslər elə gətirmişdi ki, xalq tədricən Heydər Əliyevin dühası ətrafında birləşirdi. O dövrdə 91 Azərbaycan ziyalısının Heydər Əliyevə ünvanladığı müraciətin də məqsədi bu idi. Həmin prosesdə 1992-ci ilin noyabrında Naxçıvanda təsis olunan Yeni Azərbaycan Partiyasının respublikanın müxtəlif bölgələrində yaradılan yerli təşklilatları böyük rol oynayırdı. Beləliklə, xalq Azərbaycanı fəlakətdən və müsibətdən qurtarmağın yolunu ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. İyunun 9-da Bakıya gələn Heydər Əliyev ik növbədə Gəncədə başlayan qardaş qırğınının qarşısını aldı. 1993-cü il iyunun 15-də Milli Məclisin sədri, oktyabrın 3-də isə Prezident seçilən Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Bununla da tarixi missiyanın yeni mərhələsi başladı və bu missiyanın əsas mahiyyəti müstəqillik dayaqlarının möhkəmləndirilməsinə yönəlmişdi.
Ulu öndər darmadağın olmuş Azərbaycanı parça-parça topladı, bir araya gətirdi, bütünləşdirdi. Ən adi narahatlıq durumunda belə yalnız öz xalqına arxalandı, ondan dəstək aldı. Heç bir xarici qüvvəyə bel bağlamadı Heydər Əliyev! 1994-cü ilin mayında cəbhə xəttində atəşkəsə nail olan, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verən Heydər Əliyevin fiziki məhvinə yönələn sui-qəsd cəhdləri onu xalqın verdiyi tarixi missiyadan yayındırmadı. Bununla da bütün Azərbaycan Heydər Əliyevin ətrafında sıx birləşdi. Xalq öz prezidentini milli ləyaqət rəmzi kimi qorudu.
1993-2003-cü illər Heydər Əliyevin siyasi karyerasında ən mühüm dövr kimi tarixə düşdü. Bu mərhələdə ulu öndər ölkənin taleyi ilə bağlı mühüm qərarlar qəbul etdi. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsinə dair imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi və ölkəmizin müttəfiqlərinin sayını artırdı. Ulu öndər Bakı-Tbilisi-Ceyhan neft kəməri ideyasını irəli sürməklə dünya neft sənayesi tarixində bir ilkə imza atdı.
Eyni zamanda, dövlət quruculuğu siyasətində mühüm uğurlar qazanan Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk konstitusiya qəbul olundu. 1998-ci ildə Azərbaycanda ölüm hökmü, elə həmin il mətbuat üzərində senzura ləğv olundu. Bununla da qüdrətli şəxsiyyət Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərk olunması strategiyasını formalaşdırdı. Latın qrafikalı Azərbaycan əlifbasına keçidlə doğma dilimiz öz ali mərtəbəsində qərarlaşdı.
Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətinin konturlarını cızdı. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ulu öndər Heydər Əliyevin xarici siyasətinin prioritet istiqaməti elan edildi. O, Qarabağın Azərbaycandan ayrılma mexanizminin olmaması ilə bağlı qəti mövqeyini dəfələlərlə beynəlxalq təşkilatların kürsüsündən dünya birliyinə elan etdi. 1996-cı ildə ATƏT-in Lissabon sammitində təşkilata üzv olan 53 ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Heydər Əliyev müstəqil Azərbaycanda ordu quruculuğunun əsasını qoydu. Heydər Əliyev xalq arasında ordunun təbliğatını aparan ən böyük mənəvi qüvvə kimi çıxış edirdi və deyirdi ki, ordunu sevin, ona hörmət edin. Bununla da bütün parametrlər üzrə dövlətçilik dayaqlarını möhkəmləndirən Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki ulu öndər Heydər Əliyevin formalaşdırdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasətçinin xidmətləri sayəsində dövlətçilik, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Ən əsası isə Heydər Əliyev bütün azərbaycanlılarda Vətənə və dövlətə məhəbbət hissi formalaşdırdı. Və 2020-ci ildə başlayan Vətən müharibəsində bütün dünya Azərbaycan xalqının yüksək vətənpərvərlik hissinə şahidlik etdi. Biz ulu öndərdən miras qalmış Vətən sevgisinə dayanaraq 30 il işğal atında qalmış torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda ölüm-dirim mübarizəsi apardıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqilliyin övladlarından qurduğu ordu düşmənin başını “Dəmir yumruq”la əzdi, ATA VƏSİYYƏTİ yerinə yetdi, biz tarixi hədəflərimizə qovuşduq.
Azərbaycanın şanlı üçrəngli bayrağı rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində bu gün Şuşa zirvəsində dalğalanır. İndi o zirvədən yenə də muğam sədaları gəlir, vaxtilə ulu öndərin qoyduğu ənənəyə uyğun olaraq Vaqif Poeziya Günləri, “Xarı bülbül” festivalı keçirilir. Azad Qarabağ qarış-qarış yenidən qurulur. Heydər Əliyevin işıqlı ideyaları bizi Vətəni daha çox sevməyə, müstəqilliyin keşiyində ayıq-sayıq durmağa səsləyir. Bütün bunlara görə Heydər Əliyev unudulmazdır. Ulu öndər həm də ona görə unudulmazdır ki, o, Qarabağa xalqın qəlbində abidə qoymuşdu. Bu abidənin ətrafında toplaşan qeyrətli xalqımız bütün imkanlarını səfərbər edib onu əsarətdən xilas etdi. Bununla həm də sübut etdi ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də hər zaman bizimlə olacaq!