Polis 59 yaşlı Moskva sakinini terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin Bexterev küçəsindəki mənzilinə baxış zamanı külli miqdarda odlu silah, onlar üçün döyüş sursatı, həmçinin partlayıcı maddələr və onların komponentləri aşkar ediblər.
İstintaqın məlumatına görə, moskvalı 2024-cü il fevralın 24-dən dekabrın 31-dək pilotsuz uçan aparat, neo-millətçi simvollar alıb və Rusiyada qadağan olunmuş təşkilatların internet səhifələrinə tez-tez daxil olub. Bundan əlavə, o, Tsaritsınoda Buyanov xəstəxanasını və digər mühüm sosial və infrastruktur obyektlərini lentə alıb. İstintaq hesab edir ki, şübhəli şəxs terror aktına hazırlıq məqsədilə çəkiliş aparıb.