Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayan Məmmədova Felmira İsax qızı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Arandan şikayətçidir.
Unikal.org xəbər verir ki, bu barədə F.Məmmədovanın modern.az-a ünvanladığı şikayətdə deyilir:
“Mən Səbail rayonu Mehdi Hüseyn küçəsi, mənzil 6,7 –də yaşayıram. Mənzilimlə üzbəüz keçmiş millət vəkili Səyyad Aranın mənzilidir. Özü həmin evdə yaşamır, dəfələrlə evi əxlaqsızlıq yuvası kimi gündəlik olaraq naməlum insanlara kirayə verib. İndi isə qanunsuz olaraq, hostel kimi əcnəbilərin istifadəsinə verib. Səyyad Aranla əlaqə saxlayıb, elədiyinin qanunsuz olduğunu, yaşayış yerində hostel yaradılmasının düzgün olmadığını bildirsəm də, mənə kobud şəkildə “Mənə Prezident icazə verib hostel açmağa, get kimə istəyirsən şikayət elə, istəyirsən Moskvadan jurnalist çağır” deyə bildirdi. Çox xahiş edirəm, aidiyyatı qurumlar məsələyə münasibət bildirsinlər”.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran məsələ ilə bağlı açıqlama verib. O qarşı tərəfin haqsız olduğunu iddia edib:
“Qeyd edilən ünvan mənim övladımın evidir və ev icarəyə verilib. Evi icarəyə götürənlər pakistanlıdırlar. Dünən polis idarəsindən adam çağırdım ki, onların mənşəyini müəyyənləşdirsin, kimdirlər, nəçidirlər. Bu gün pakistanlılarla rəsmi notariat qaydada müqavilə bağlanacaq və ev hostel kimi istifadə edilməsi üçün onlara icarəyə veriləcək. Hələ həmin evdə kimsə yaşamırsa, vətəndaş hansı haqla insanlara əxlaqsız deyir? Pakistanlılar oradan hostel kimi istifadə edəcək. Hostelin məişət pozğunluğu üçün istifadəsi qeyri-real və qeyri-mümkündür. Hələ orda yaşayan yoxdur. Pakistanlılar dünyada türklərdən sonra Azərbaycana ən yaxın millətdir. Onlar Azərbaycanda iş quaracaqlar. Onların Bəşir Səfəroğlu küçəsində böyük supermarketləri var. Mənim evimdə təsadüfi adam ola bilməz. Mən küçədən keçəni evimə buraxmaram”.
S.Aran qeyd edib ki, qarşı tərəfi məhkəməyə verəcək.