Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində yanacaqdaşıyan avtomobilin aşması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qəza nəticəsində mümkün yanğın-partlayış hadisəsinin qarşısının alınması məqsədilə yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

*** 18:07

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində idarəetmədən çıxan yanacaq daşıyan maşın aşıb.

"Unikal" xəbər verir ki, hadisə saat 16 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan maşın dairəvi yola daxil olan zaman idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yolda təhlükəsizlik təmin olunub. Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.