Bəndər Abbasın Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 700-ü keçib.

"Unikal" xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin böhranların idarə edilməsi üzrə baş direktoru Mehrdad Həsənzadə açıqlayıb. 

Onun sözlərinə görə, yaralıların sayının artacağı istisna edilmir. 

Yaralıların ehtiyac duyduğu qanı təmin etmək üçün Gilan, Tehran, Yəzd, Həmədan, Kirman, Şimali Xorasan və İsfahan əyalətlərindən Bəndər Abbasa qan göndərilib.

***19:06

İran Rəcai limanındakı güclü partlayış nəticəsində ölənlərin sayı 5-ə yüksəlib. 

"Unikal" xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Mehrdad Həsənzadə açıqlayıb. 

O, həmçinin bildirib ki, xəsarət alanların sayı hələ də artmaqdadır, lakin çoxları ambulator müayinədən sonra evə buraxılır.

Həsənzadə vəziyyətin nəzarətdə olduğunu vurğulayıb.

***15:43

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 516 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıblar.

Ölkənin yardım və xilasetmə təşkilatının rəhbəri Babək Mahmudi baş verən partlayışda 4 nəfərin öldüyünü təsdiqləyib. Fövqəladə Hallar Təşkilatının verdiyi son statistik məlumatlara görə, indiyədək hadisə nəticəsində azı 516 nəfər xəsarət alıb. 

Bildirilir ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan vurub.

***15:00

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

"Unikal" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

***14:16

İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış olub.

"Unikal" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb.

Ağarza Elçinoğlu