Futbol üzrə Azərbaycan I divizionu ilə əvəzedicilərin çempionatı birləşdirilib.
Unikal.org-un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov bildirib.
O, deyib ki, toplantıda 2018/2019 mövsümündə iki yarışın birgə təşkilinə dair qərar qəbul olunub.
"İki ay öncə də I divizion məsələsi müzakirə olunmuşdu. Həmin vaxt Klublar Komitəsinin adından yeni konsepsiya təklif etmişdik. Lakin bildirildi ki, məsələ daha detallə araşdırılsın. Nəticədə Klublar Komitəsi, Məşqçilər Komitəsi, Peşəkar Futbol Liqası və klublarla müzakirə aparıldı. Yeni konsepsiya hazırlandı. İclasda əvəzedici komandaların I divizionda çıxışına qərar verildi. Beləliklə, diviziondan 4 və ya 6, əvəzedicilərdən isə 8 komanda eyni yarışda iştirak edəcəklər. I divizonda yeni komanda olmayacaq. Yeni komandalar Region Liqada çıxış etməlidir. Həmçinin, I divizonda limit tətbiq ediləcək. Limit 4 sərbəst, 6 1998-ci il təvəllüdlü, bir nəfər isə 2001-ci il təvəllüdlü olacaq" - E.Məmmədov əlavə edib.