Dünyanın ən məşhur və nüfuzlu veloyürüşü olan "Tour de France"ın 16-cı mərhələsində dünən insident yaşanıb.
Unikal.org Daily Mail-ə istinadən bildirir ki, fransız fermerlər yolu ot tayaları ilə kəsiblər, polis gözyaşardıcı qaz tətbiq edib, yarışın liderləri də qazdan zəhərləniblər.
Hələ 4 gün davam edəcək əfsanəvi veloyürüşün 16-cı mərhələsi Fransanın Karkason və Banyer de Lüşon şəhərləri arasında idi. Lakin yerli fermerlər etiraz aksiyası keçirərək yolu ot tayaları ilə bağlamışdılar.
Onlar Fransanın hakimiyyət dairələrinin Avropa Birliyinin tələblərinə kor-koranə riayət etməsindən beziblər. Belə siyasət kənd təsərrüfatına ayrılan maliyyənin sürəkli ixtisarı ilə müşayiət olunur.
Polis aksiyanı dağıdıb, bu zaman fermerlər amansızlıqla döyülüb, onlara qarşı gözyaşardıcı qaz tətbiq olunub.
Bu zaman veloyürüşçülər də zəhərləniblər, qazın təsirinə məruz qalıblar.
Aksiya iştirakçılarından biri Jan Vetua deyib: "Yarışın Pyejdən keçəcəyini öyrəndik və qərara gəldik ki, hakimiyyət dairələrindən cavab almasaq, əməli işə keçməliyik. Amma polis artıq orada idi. Yola çıxmaq istəyəndə üzümüzə gözyaşardıcı qaz sıxdlılar, döyməyə başladılar. Biz də xəsarət aldıq, qoyunlar da".
Aksiya dağıdılandan 156 dəqiqə sonra yarış davam edib.