“Sentyabrın 29-da Soçidə Vladimir Putinlə olacaq ikitərəfli görüş böyük önəm daşıyır. Lakin bu, heyətlərinin iştirakı ilə geniştərkibli görüş olmayacaq".
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, bu, sadəcə İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq:
"Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq".
Ərdoğan əlavə edib ki, Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir:
"Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcmi çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərlə üzləşirik. Amma istər özüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilirik”.