Bakının Nizami rayonunda baş verən yanğında xəsarət qeydə alınmayıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin(FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Bildirib ki, FHN-in "112" telefon Qaynar Xəttinə Bakının Nizami rayonunda iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub. Yanğın ətrafdakı iaşə obyektlərinə keçməsinin qarşısı alınaraq genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb. Hadisə zamanı xəsarət qeydə alınmayıb. Ümumilikdə 150 m² ərazidə yanğın qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır"-deyə sektor müdiri qeyd edib.

*** 16:14

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində bir nəfər, 51 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xatırladaq ki, Bakı şəhəri, Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.

*** 15:12

Nizami rayonunda ticarət mərkəzində baş verən yanğın məhdulaşdırılıb.

"Unikal" xəbər verir ki, bu  barədə FHN məlumat yayıb. 

***14:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***14:51

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazar”ının yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.