Rusiya hüquq-mühafizə orqanları "VİM-Avia aviaşirkətinin baş direktoru Aleksandr Koçnev və baş mühasib Yekatirina Panteleyevanı həbs ediblər.

Unikal.org xəbər verir ki, bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb. Komitə həmçinin şirkətin sahibi Rəşid Mursekayev və həyat yoldaşı Svetlana Mursekayevin ölkədən qaçdığını bildirib.

Qeyd edək ki, "VİM-Avia Rusiyanın 10-cu ən böyük aviaşirkətidir. Şirkət bir müddət öncə bütün çarter reyslərini xəbərdar etmədən tam ləğv edib. Nəticədə 3000-dən çox insan hava limanında biletləri olmasına rəğmən uça bilməyiblər. Buna əsas səbəb kimi şirkətin öz öhdəliklərini yerinə yetirə bilməsi üçün maliyyə imkanlarının olmaması göstərilib.

Rusiya İstintaq Komitəsi isə apardığı araşdırmadan sonra reyslərin ləğvinin şirkətin öz təyyarələrini yanacaqla təmin edəcək gücdə olmamasından qaynaqlandığını bildirib. Maraqlı məqam ondan ibarətdir ki, şirkət rəhbərliyi bu haqda informasiyaya sahib olduğu halda öz biletlərinin satışını davam etdirib, bu isə ona qarşı cinayət işinin başlamasına səbəb olub.

"VİM-Avia Ermənistana uçuşları həyata keçirən əsas aviaşirkətlərdən biri sayılır.