İran-Ermənistan təbii qaz kəmərinə dair işlərin əlaqələndirilməsi də Ermənistanın baş naziri Karen Karapetyanın kürəkəni Hayk Arutyunyana tapşırılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak qəzeti yazıb.
Məlumata əsasən, Hayk Arutyunyan Ermənistan energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini vəzifəsini icra edir.
O həmçinin ölkənin Milli Təhlükəsizlik Xidməti rəisinin müavini Arzuman Arutyunyanın oğludur.
Qəzet bildirib ki, Hayk Arutyunyanın səlahiyyət sahəsi genişləndirilib: "O, ölkədəki təbii qaz sənayesi sahəsini, o cümlədən daha gəlirli İran-Ermənistan kəmərinə dair işləri də əlaqələndirəcək.
Məlumata görə, Karen Karapetyan ailəsi və xüsusi ilə nazir müavini Hayk Arutyunyan energetika sahəsinin rəsmi əlaqələndirilməsi ilə bu istiqamətdə şəxsi biznesini də idarə edəcək.

Qeyd edək ki, 140 km uzunluğu olan bu qaz kəməri Təbrizlə Ermənistanın Meğri rayonundakı qazpaylayıcı stansiyanı birləşdirir. Bu layihənin 220 milyon dollara reallaşdığı, Rusiyanın "Qazprom dövlət şirkətinin bu tikintiyə 140 milyon dollar maliyyə vəsaiti xərclədiyi bildirilir. Kəmərlə ildə 1,1 milyard kub metr təbii qaz nəql edilir. 2019-cu ildə onun gücünün ildə 2,9 milyard kub metrədək artırılacağı nəzərdə tutulub.