UNEC-də bakalavriatura pilləsinə qəbul üzrə birinci mərhələnin nəticələri açıqlanıb.

"Unikal" xəbər verir ki, nəticələrə əsasən, UNEC üzrə ümumi qəbul planı 99,81 % yerinə yetirilib. Belə ki, 3755 yerdən 3748-nə tələbə qəbulu həyata keçirilib. II, IV və V ixtisas qruplarında 100 faiz, I qrupda 99,59 %, III qrupda isə 98,52 % yerlər dolub.

Tədrisi ingilis, rus və türk dillərində aparılan fakültələrdə qəbul planı üzrə yerlər 100%, azərbaycan dili üzrə isə 99,88 faiz dolub.

Sevindirici haldır ki, bu il 600 və daha yüksək balla UNEC-ə qəbul olanların sayı keçən il ilə müqayisədə 89.4% artaraq, 409 nəfərə çatıb. Ölkə üzrə 600-dən çox bal yığanların 14.4 %-i isə məhz UNEC-i seçib.

600-dən yüksək bal toplayan 409 nəfərin 226-sı (ölkə üzrə 21.2%) I qrupun, 183 nəfəri (ölkə üzrə 65.4%) isə II qrupun payına düşüb.

İlk dəfə olaraq, 600-dən çox bal toplayaraq UNEC-ə qəbul olan I qrup tələbələrinin sayı II qrup tələbələrinin sayından 24% çox olub. Həmin tələbələrin 171 nəfəri azərbaycan, 227 nəfəri ingilis, 11-i isə rus bölməsinə daxil olub.

UNEC-ə qəbul olan bütün tələbələrin 30%-i 500-dən çox bal, 13%-i isə 300-dən az bal toplayan abituriyentlərdir.

Bu il UNEC-ə orta keçid balı 446 olub. Bu göstərici ingilis dilində təhsil üzrə 635, azərbaycan dili üzrə 440, rus dili üzrə 417, türk dili üzrə isə 385 təşkil edib. Eləcə də, I qrup üzrə orta keçid balı 495, II qrup üzrə 452, III qrup üzrə 443, IV qrup üzrə 296 və V qrup üzrə (UNEC-də qabiliyyət imtahanı keçirilmir) 232 bal olub.