Bakıda vətəndaşlara saxta dollar satmaqda təqsirləndirilən Səadət Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, Səadət Məmmədova saxta pul əldə etmə və satma barədə əvvəlcədən başqa şəxslərlə razılaşaraq cinayət əlaqəsinə girib.

S.Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə o, ölkə xaricində olan Murad Əbdürrəhimovdan saxta pulları əldə edərək Azərbaycan ərazisində onun dediyi şəxslərə satmalı imiş. 

O, pulların saxta olmasından məlumatı olmayan tanışı Səlim Əliəsgərovla Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə, 40.000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, xarici valyutanı satış məqsədilə əldə edib və Azərbaycana gətirib.

S.Məmmədova yenidən pulların saxta olmasından məlumatı olmayan tanışı Şəfaqət Məmmədova ilə Türkiyəyə gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə 30.000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycana gətirib.

O, bundan başqa istintaqa məlum olmayan mənbədən ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ile eynilik təşkil etməyən 54.300 saxta ABŞ dolları məbləğində olmaqla, xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycana gətirib.

S.Məmmədova bundan sonra cinayətkar fəaliyyətin davamı olaraq Murad Əbdürrəhimov ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən, onun tapşırığı ilə əldə etdiyi  eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, 124.300 saxta ABŞ dolları nominallı pul əskinaslarından Ələmdar Cahangirova 34.000 manat dəyərində saxta 20.000 ABŞ dolları, Elmar Ağayevə 23.120 manat dəyərində saxta 13.600 ABŞ dolları, Seymur Rəcəbova 37.740 manat dəyərində saxta 22.200 ABŞ dolları və Elçin Mehtiyevə 16.450 manat dəyərində xeyli miqdarda saxta 68.500 ABŞ dolları nominallı pul əskinaslarını təkrarən satıb.

İş üzrə 4 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, Səadət Məmmədova qarşı Cinayət Məcəlləsinin 204.2-ci  (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Səadət Məmmədova həbs edilənə kimi müxtəlif təhsil müəssisələrində müəllim kimi çalışıb.

Seymur Əli